Hazırda ölkədə “SOCAR Petroleum”un cəmi iki məntəqəsində elektrikdoldurma avadanlığı quraşdırılıb. Bunlardan biri paytaxt Bakıda, digəri isə Gorus-Qafan yolu üzərində yeni inşa edilən yanacaqdoldurma məntəqəsindədir:
Hafta.az-a bu barədə “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib:
“Paytaxtda elektromobilin şarj avadanlığı SOCAR-ın 1 məntəqəsində quraşdırılıb. Qurğu Sinqapur istehsalıdır, Bibiheybət məscidinin yaxınlığındakı yanacaqdoldurma məntəqəsinin ərazisindədir. Biz ötən il proqnoz vermişdik ki, il sonuna qədər bütün məntəqələrdə quraşdırılma işləri tam başa çatacaq. Lakin avadanlıq xaricdən gətirildiyi üçün çatdırıb bütün məntəqələrdə quraşdıra bilməmişik”.
Mətbuat katibi onu da söylədi ki, “SOCAR Petroleum”un paytaxta 1 elektromobil şarj avadanlığı quraşdırılmış məntəqəsi olmasına baxmayaraq, ona təlabat elə də böyük deyil:
“Baxmaraq ki, “SOCAR Petroleum”un paytaxta 1 elektromobil şarj avadanlığı quraşdırılmış məntəqəsi var ancaq buraya tələb elə də böyük deyil. Məntəqəyə gün boyu 1-2 maşın yaxınlaşır. Əvvəl elektrik mühərriki ilə işləyən avtomobillərin şarj qurğusu tək bizdə idi. Ancaq hazırda digər yanacaqdoldurma məntəqələrinin daxilində də belə avadanlıqlar quraşdırılıb. Ona görə də “SOCAR Petroleum”a müraciət edən elektromobillərin sayı bir xeyli azalıb. Bu yaxınlarda Qubadlı rayonunun Eyvazlı kəndində Gorus-Qafan yolunda SOCAR-ın yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verildi. Qarabağ bölgəsində ilk dəfə olaraq elektrik avtomobillərinin şarj olması üçün avadanlıqlar da məhz bu ünvanda quraşdırıldı”.
Ü.Həbibbəylinin sözlırinə görə, bir elektromobilin şarj olma müddəti ortalama 20-30 dəqiqə çəkən prosesdir:
“Bir avtomabilin enerji ilə tam təmin edilməsi müddəti onun markası və modelindən asılıdır. Misal üçün “Tesla”larda bu proses 20-25 dəqiqədir. Ümumilikdə isə bu müddət bütün elektromobillərdə ortalama 30-40 dəqiqədir”.