Türkiyə ilə Azərbaycan arasında imzalanmış Neft Ehtiyatları Müqaviləsinə uyğun olaraq, Azərbaycanın neft şirkəti SOCAR-ın qazma rəsmisi TPAO adından neft qazma işləri aparmaq üçün Batmana gələrək ilkin araşdırmalar aparıb.
Hafta.az-ın yazdığına görə, Batman Valiliyində keçirilən görüşdə SOCAR rəsmiləri ilə bir araya gələn vali Əkrəm Canalp şirkət rəsmilərindən həyata keçirəcəkləri neft kəşfiyyatı fəaliyyətləri ilə bağlı məlumat alıb.

Bu ilin mart ayında İstanbulda keçirilən Neft Ehtiyatları Zirvə toplantısında Azərbaycanla Türkiyə arasında imzalanan saziş çərçivəsində Batmanda ən mühüm qazma işlərini həyata keçirməyi planlaşdırdıqlarını ifadə edən SOCAR Drilling rəsmisi Zəkiullah Kərimli “Biz bölgədə neft taparsaq çox xoşbəxt olacağıq. Bundan əlavə, Batman valiliyi tərəfindən Türkiyə-Azərbaycan qardaşlığının ifadəsi olaraq inşa edilən Qarabağ parkının möhkəmləndirdiyi qardaşlıq körpüsü, Azərbaycan Dövlət Neft Şirkəti SOCAR tərəfindən Batmanda aparılacaq kəşfiyyat işləri ilə daha da güclənəcək” deyib.
SOCAR rəsmilərinin səfərindən məmnunluğunu ifadə edən vali Canalp Azərbaycan nümayəndə heyətinə milli iqtisadiyyata verdiyi töhfələrə görə təşəkkürünü bildirib və SOCAR-ın qazma işlərinə uğurlar arzulayıb.