Soçi görüşünün Brüssel görüşündən əvvəl təşkil olunması göstərdi ki, Rusiya özünün moderatorluğu ilə təmin olunan atəşkəs və bu yöndə gedən geosiyasi maraqlarını hansısa güc mərkəzinə təslim etmək istəmir.
Bu fikirləri hafta.az-a politoloq Natiq Miri deyib.
Onun sözlərinə görə, bu həm də Ermənistan hökumətinin başçısına verilən bir dərsdir:
"Hiss olunur ki, təcili qaydada hansısa dirijor çubuqları hərəkətə keçdi ki, Paşinyan Soçidə çağırılan görüşə razılıq verdi. Azərbaycan tərəfi konkret nəticələrə hesablanmış sülh danışıqlarında maraqlıdır. Bunun üçün də əsas məqsəd sərhədlərin müəyyənləşdirilməsidir. Bu prosesə demarkasiyadan başlanılmalıdır. Bu xətt müəyyən olunarsa, ən azı, “bizim torpaqlar Azərbaycan tərəfindən işğal olunur” bəhanəsi ilə hərbi təxribatlar törədən Ermənistanın qarşısı alınmış olar. Sonrakı addım olan delimitasiya xeyli zaman aparacaq. Bu prosesdə xəritələrin müəyyən olunması və bu xəritələrdə coğrafi mövqelərin, şəhər və kəndlərin çox həssaslıqla qeyd olunması var. İlk növbədə bu məsələlərin razılaşdırılması və xəritələrin SSRi dövründə mövcud olan sənədlər üzrə götürülməsi razılaşdırılmalıdır. Bundan sonra kommunikasıyaların açılması məsələsi razılaşdırıla bilər. Bu məsələdə heç bir problem yoxdur. Problem odur ki, Ermənistan hökuməti hələ də Azərbaycanı Zəngəzur dəhlizi adı ilə birləşdirəcək yolun açılması məsələsini qəbul edə bilmir. Ermənistan iddia edir ki, 10 Noyabr bəyanatında hər hansı dəhliz məsələsi yoxdur. Ermənistan hökumətinin bu riyakarlığı xalqa və revanşist qüvvələrə yönəlmiş bir açıqlamadır. 10 Noyabr bəyanatının 9-cu bəndində Laçın dəhlizi məsələsi necə qeyd olunubsa, Zəngəzurda kommunikasiyaların açılması məsələlərində də eyni cümlə və ifadələr işlənib. Laçın dəhlizində təhlükəsizliyi təmin edəcək yeganə qüvvə kimi Rusiya sülhməramlıları göstərilir. Sülhməramlı ifadəsi Zəngəzur dəhlizi ilə bağlı ona görə qeyd olunmayıb ki, Vətən Müharibəsi, atəşkəsin əldə olunması məsələləri birbaşa Qarabağa aiddir. Zəngəzur dəhlizi məsələsində “Rusiyanın sərhəd qoşunu” ifadəsi işlənib. İstər avtomobil, istər dəmir yolu olsun, o, xarici qüvvə nəzarətindədirsə, artıq dəhliz statusundadır. Eyni zamanda, dəhliz üzərində Ermənistan tərəfindən gömrük və sərhəd məntəqələri yaradılacaqsa, eyni ifadə Laçın dəhlizinə də aid olunmalıdır. Əgər həmin dəhliz olmayacaqsa, onda Laçınla Ermənistan sərhədi bağlanacaq, Azərbaycan sərhəd və fitosanitar postu yaranacaq".