Füzuli rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Beyləqan Subartezian Quyularının İstismarı İdarəsindən verilən məlumata görə, son beş ildə Füzuli rayonu ərazisində 66 yeni subartezian quyusu qazılıb. Prezident İlham Əliyevin “Füzuli rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 3 aprel 2020-ci il tarixli Sərəncamına əsasən, cari ildə rayonunun əhalisi 15 min 373 nəfər olan 9 yaşayış məntəqəsində 14 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulur. Artıq quyuların 13-ü qazılıb, bir quyuda isə qazma işləri həyata keçirilir.
Yeni subartezian quyularının istifadəyə verilməsi ilə rayonun 200 hektara yaxın əkin sahəsi suvarma suyu ilə təmin ediləcək.