Temperaturun artması və qrunt sularının aşağı düşməsi, meşələrin əlçatmaz ərazilərində illərlə quru budaqların yığılıb-qalması, insanların təbiətə qarşı səhlənkar münasibəti nəticə etibarilə meşə yanğınlarına gətirib çıxaracaq.
Bu fikirləri hafta.az-a “Ekostil-Azərbaycan” Təbiəti Mühafizə İctimai Birliyinin sədri, ekoloq, dosent Elman Yusifov deyib.
Onun sözlərinə görə, digər ciddi problem su resurslarımızla bağlıdır. Azərbaycanin su ehtiyatları azdır və həmin ehtiyatlar da tranzit mənbələr hesabına formalaşır:
"Son illər onsuz da az olan su ehtiyatımız daha da azalıb. Bunun təzahürü Kürün qurumasında, Xəzərin əks istiqamətə nüfuz etməsində özünü göstərir. Bir məsələni də qeyd etmək istərdim ki, hazırda xeyli su anbarları tikilir.
Əlbəttə, bu yaxşı haldır, minlərlə hektar torpağın dövriyyəyə qatılması, məhsuldarlığın artması, iş yerlərinin yaradılması və s. kimi imkanlar açılır.
Burada da böyük bir problem var. Biz süni hövzələr yaratmaqla suyun buxarlanma səthini də artırırıq, yəni burada əks-əlaqə yaradıla bilər.
Məsələn, qabaqcıl ölkələrdə həmin su anbarlarının üzərində xüsusi əksetdirici şarlar suyun üzərini tuturlar və günəşdən gələn şüanı əks etdirirlər. Bununla da suyun buxarlanmasının qarşısı alınır.
Sonra kanallar örtülü olur və s. Ümumilikdə götürdükdə Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə intensiv tədbirlər həyata keçirir. Son dövrlərdə alternativ enerji ilə bağlı həyata keçirilən işlərin genişləndirilməsi böyük işdir.
Məlumdur ki, iqlim dəyişikliyinin ən əsas törədici faktorlarından biri karbon dioksiddir. Yəni yanacağın yanması nəticəsində atmosferə külli miqdarda karbon dioksid buraxılır. Bunun qarşısını almaq üçün indi böyük proqram həyata keçirilir. Səhv etmirəmsə, işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Günəş radiasiyasının bol olduğu Zərgilan, Cəbrayıl, Füzuli ərazilərində çoxlu günəş elektrik stansiyaları yaradılacaq. Bu da iqlim dəyişmələrinə qarşı vacib tədbirdir”.