Sosial şəbəkələrdə insan alverinin qurbanı olanlar

11:58 27.05.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

2023-cü ildə 91 Azərbaycan vətəndaşı sosial şəbəkələr vasitəsilə insan alverinin qurbanına çevrilib. Bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb. Hesabata əsasən, onların 38 faizi 35 yaşdan yuxarı, 7 faizi 18-25 yaş arası, 55 faizi isə 25-35 yaş aralığındakı şəxslərdən ibarətdir. Həmçinin, 24 nəfərin Bakı, 11 nəfərin Gəncə, 6 nəfərin Tovuz, 5 nəfərin isə Sumqayıt şəhər sakini olduğu müəyyənləşib. Eyni zamanda, onlardan 28-i Türkiyə, 28-i Rusiya, 15-i Birləşmiş Ərəb Əmirlikləri, 10-u Bəhreyn, 4-ü Qətər, 3-ü İran, 1-i isə İraqda cinsi istismara məruz qalıb. Qurbanlardan altısı 18-25 yaş arası, 50-si 25-35 yaşlarında, 35 nəfəri 35-dən yuxarı yaş həddində, 24-ü paytaxt, 67-si respublikanın digər şəhər və rayonlarının sakini, habelə 74-ü 2016-22-ci illərdə, 17-si isə 2023-cü ildə istismara məruz qalan şəxslər olub. Bundan başqa, 2005-23-cü illərdə 1 350 nəfər insan alveri qurbanı olub. Onlardan 1 264 nəfəri qadın, 86-sı isə kişi olub.

Keçən il insan alveri və məcburi əmək qurbanlarının müəyyənləşdirilməsi, istismar hallarına yol verən şəxslər haqqında müvafiq məsuliyyət tədbirlərinin görülməsi işi də davam etdirilərək xüsusi polis qurumu tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 159 (+2) insan alveri və 3 (sabit) məcburi əmək faktı, həmçinin insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 44 (sabit) cinayət aşkarlanıb. Həmin faktlar üzrə 16 (+2) cinayət işi başlanılaraq 18 şəxs (+2, 15-i qadın, 3-ü kişi) təqsirləndirilən qismində cəlb edilib. Ümumilikdə 11 (-2) cinayət işinin (3-ü ötən illərin) istintaqı tamamlanıb, 14 nəfər (-1, 11-i qadın, 3-ü kişi) məhkəmə məsuliyyətinə verilib, insan alverçilərinin 10-u (-2) haqqında ittihamedici hökmlər çıxarılıb. Bundan başqa, ötən il Azərbaycanda insan alveri cinayətlərinə məruz qalanların 24-ü Bakı, 11-i Gəncə və beşi Sumqayıt şəhərləri, altısı Tovuz, üçü Sabirabad, üçü Ağdam və digər rayonların payına düşüb.

Qeyd edək ki, Milli Məclisin deputatı Azay Quliyev parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatın müzakirəsi zamanı çıxışında deyib ki, bəzən yalançı iş elanları nəticəsində insanlar qurbana çevrilirlər: “Bununla da insanlar aldadılaraq şirnikləndirici iş adı ilə xaricə aparılır, nəticədə insan alveri qurbanı olurlar. Bu məsələdə görüləcək işlər var. Eləcə də mənbənin araşdırılması və aşkarlanmasına ciddi ehtiyac var”.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, deputat Tahir Kərimli isə deyib ki, Azərbaycanda hostellərin sayının artması insan alveri qurbanlarının çoxalmasına səbəb olur. O bildirib ki, insan alveri qurbanları arasında kişilərin sayının artması narahatedicidir: “Ümumilikdə insan alveri qurbanları ilə bağlı ciddi mübarizə aparmaq lazımdır. Bəzən elektron sistemin inkişafının öhdəsindən gələ bilmirik. İnsan alveri qurbanları bəzən könüllü hallarda baş verir. Ölkədə son zamanlar hostel sistemi inkişaf etdiyindən bir az bu sahədə nəzarətsiz hallar müşahdə edilir. Ona görə diqqəti bura yönəltmək lazımdır. Hesab edirəm ki, bu sahədə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi zəruridir. Nəzarət tədbirləri daha da gücləndirilməlidir”.

Məsələyə münasibət bildirən “Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, insan alveri qurbanları daha çox sosial şəbəkələr üzərindən aparılan danışıqlar nəticəsində aldanırlar: “Bu proses əsasən "WhatsApp" üzərindən aparılıb. 2008-2018-ci il ilə kimi ABŞ Dövlət Departamentinin hesabatında göstərilirdi ki, dünyada sosial şəbəkələr vasitəsi ilə fahişəliyə cəlbetmələr 80-90 faiz təşkil edir. Müxtəlif sosial şəbəkələr üzərindən kodlaşmış sözlərlə insan alveri təşkil edilir. Bizdə daha çox "danışıqlar” "WhatsApp" üzərindən aparılır. Orada tanış olurlar, yazışmalar, təkliflər və şirinlikləşmələrin hər biri bi şəbəkə üzərindən baş verir. Mən insan alveri qurbanları ilə bağlı tədqiqat apardım. Həmin vaxt orada insan alveri qurbanları və cinayət edən şəxslərlə görüşdüm. Əksəriyyəti də sosial, həssas qruplardan olanlar, zorakılığa məruz qalan, baxımsız uşaqlardı. Hətta bir nəfərin banka borcu vardı və həmin borcu vermək üçün bu yolu seçmişdi. Bu alverin qurbanları daha çox qadınlardır. İnsan alverçiləri daima yeni marşurutlar axtarırlar. Kimi evlənmək, kimi iş təklifi aldadılır və beləcə müxtəlif yollarla qadınları bu işə cəlb edirlər. Ümumilikdə, insan alveri ilə məşğul olanlar Yaxın Şərq ölkələrinə qadın daşıyırlar. Əvvəlki illərdə onlar Rusiya, Türkiyə, Dubayı seçirdilərsə, indi daha çox Bəhreynə üz tuturlar".

Oxunma sayı 44