Soyad sonluqları necə olsun?

15:15 19.01.2010
Yazını böyüt
Yazını kiçilt
Müstəqilliyimizin ilk illərində milli şüur, milli təfəkkür və onların əsas təzahür formaları gündəmin ən qaynar mövzularından idi. Hazırda isə sosial problemlər cəmiyyətdə daha qızğın müzakirə edildiyindən milli məfkurə ilə bağlı bəzi məsələlər arxa plana keçib.

Söhbət illərdir həllində ortaq məxrəcə gəlinməyən soyad sonluqlarının dəyişdirilməsindən gedir. Baxmayaraq ki Milli Məclisin 1993-cü il 2 fevral tarixli “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında“ qərarı ilə soyadların dəyişdirilməsi və ya uyğun sonluqların qəbul edilməsi yolunda maneələr aradan qaldırılıb. Ancaq biz hələ də bu məsələyə ikinci dərəcəli iş kimi baxırıq. Bir müddət davam edən sükutdan sonra isə məsələ yenidən gündəmə gəlib və bu dəfə məsələ barəsində konkret qərara gəlinəcəyi real görünür. Çünki ölkədə milli soyad sonluqlarının müəyyənləşdirilməsi üçün artıq xüsusi konsepsiya hazırlanıb. Milli Elmlər Akadmiyasının (AMEA) Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyanın araşdırmaları nəticəsində hazırlanan sənəddə adlar və soyadlar dövlət informasiya sisteminin yaradılması nəzərdə tutulur. Bu barədə açıqlama verən Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərovun sözlərinə görə, yaradılan xüsusi komissiya Azərbaycanda tarixən mövcud olan soyad formaları və adqoyma ənənələrini öyrənərək milli soyad formasını müəyyənləşdirib: “Konsepsiyada “-ov“, “-yev“, “-zadə“ sonluqlu soyadların tamamilə götürülməsi nəzərdə tutulur. Mütəxəssislər “-lı“, “-li“, “-lu“, “-lü“ (“-lı“4), “-oğlu“, “-qızı“, “-gil“ sonluqlu soyadların işlədilməsinin daha məqsədəuyğun olduğunu irəli sürüblər. Bu qayda Azərbaycan vətəndaşları olan digər millətlərin nümayəndələrinə aid olmayacaq“.

Köhnə qanun işə
yaramır

Azərbaycan vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılmasıyla bağlı 1993-cü il qanununun köhnəldiyini deyən Adlar və Soyadlar üzrə Xüsusi Komissiyanın sədr müavini, akademik Ağamusa Axundov sözügedən qanundan çox da istifadə olunmadığını, həmin sənədlə soyadların dəyişdirilməsinin könüllülük prinsipi ilə həyata keçirildiyini qeyd etdi: “Göründüyü kimi, indiyə qədər kim istəyibsə, soyadını milliləşdirib, kim istəməyibsə, soyadı rus mənşəli olaraq qalıb“.
Akademik soyadların -lı4, “-oğlu“, “-qızı“ sonluqları ilə bitməsinin milli kökə daha yaxın olduğunu dedi: “Əslində bü gün bütün dünyada soyadda “-oğlu“, “-qızı“ sonluqlarının işlədilməsi daha münasib sayılır. Misal üçün, Cekson. Yəni Cekin oğlu, Vilson - Vilin oğlu və sairə. İndi bizdə də soyadlarını dəyişənlərin əksəriyyəti bunu tətbiq edir“.
“Heç kimi
məcbur edə bilmərik“

Akademik bu və digər məsələlərin hazırda Ad və Soyadlar üzrə Xüsusi Komissiyada öyrənildiyini dedi: “Eyni zamanda öyrənirik ki, hər bir soyad sonluqlarının ölkə ərazisində yayılma dərəcəsi, istifadə faizi nə qədərdir. Soyadda şəxsiyyət haqqında məlumatlar toplanır. Misal üçün, ərəblərdə soyadın 5 - 6, rus dilində isə 3 tərkib hissəsi olur. Yaxın keçmişdə bizdə yalnız ad və soyad olub. Yalnız rəsmi sənədlərdə ata adı tələb edilib. Amma qədim dövrlərdə Azərbaycanda da soyad 4 - 5 tərkibli olub. Məsələn, Əbu Məhəmməd ibn Yusif Nizami Gəncəvi. Yəni Məhəmmədin atası, Yusifin oğlu, Gəncədən olan Nizami. Burada öz adı vurğulanmaqla yanaşı, həm övladının, həm də atasının adları bildirilir və haralı olması qeyd edilir“.
Komissiya sədrinin müavini ilkin təkliflərinin hazır olmadığını, sadəcə, fikir mübadiləsi etdiklərini, araşıdrmalar aparıldığını, ilkin təkliflər üzərində işlədiklərini və bu yaxınlarda onu ictimaiyyətə təqdim edəcəklərini deyib. “Belə müzakirələr gedir ki, “-ov“, “-yev“ soyad sonluqları rus mənşəli olduğu kimi, “-zadə“ sonluğu da fars mənşəlidir. Sadəcə, bu dediklərim fikir mübadiləsi zamanı ortaya çıxanlardır. Heç kimi soyadından imtinaya məcbur edə bilmərik“.

Demokratik amilləri
unutmayaq

Bu yönümdə ziyalıların münasibəti də maraq doğurur. Dilçi-alim Kamil Vəli Nərimanoğlu insanların milli şüur səviyyəsinin aşağı olmasını soyadların hələ də formalaşmamasında əsas amil kimi qiymətləndirdi. O həm də müvafiq orqanlarda çoxlu “get-gəl“in tətbiqini də adamları bu işə ciddi yanaşmağa qoymadığını dedi. Bununla belə, Nərimanoğlu soyadların dəyişməsini zəruri sayır. O, dövlət tərəfindən bu məsələyə aydın bir münasibətin göstərilməsinin tərəfdarıdır. “Necə ki əlifba qəti şəkildə dəyişdirildi, soyadlara da bu tətbiq olunmalıdır“ deyən K.V.Nərimanoğlu bu zaman demokratik amilləri unutmamağı tövsiyə edir - kim istəmirsə, dəyişməsin. Nərimanoğlu -lı4 (həm nəslə, həm yerə mənsubluq bildirir), -gil - “ailə“ (qədim türk dilində), -oğlu, (“uşaq“) şəkilçilərinin, yaxud da heç bir şəkilçi yazılmadan qəbul edilən soyadlarının üzərində dayandı.

Soyad necə dəyişdirilir?

Soyad sonluğunu dəyişmək hər kəsin işidir. Düzdür, bu məsələdə hüquqi cəhətdən çətinlik olmasa da, yerlərdə dövlətçilik anlayışını hələ də tam qavramamış məmurlar məsələnin mahiyyətinə varmadan bürokratik əngəllər törədirlər. Bəs bu əvəzetməni həyata keçirmə proseduru necədir? “Çalxan“ MMC hüquq məsləhətxanasının rəhbəri, hüquşünas Qurban Məmmədov deyir ki, soyad sonluğunu dəyişiməyə qərar verən vətəndaş ilk əvvəl ərazi üzrə qeydiyyat şöbəsinə müraciət etməlidir: “Vətəndaş öz ərizəsində soyad sonluğundan imtina etdiyini, ya qanunda nəzərdə tutulan sonluqlardan birini götürmək, ya da atasının adını soyad olaraq qəbul etmək istədiyini göstərməlidir. Əgər qeydiyyat şöbəsi ərizəni təmin etməsə, bu imtina sənədləşdirilməlidir. Vətəndaş soyad sonluğunu dəyişməkdə qərarlıdırsa və bu istəyi qeydiyyat şöbəsində təmin olunmayıbsa, o, məhkəməyə müraciət edə bilər. Bu zaman vətəndaş vəzifəli şəxsin hərəkət və ya hərəkətsizliyinə dair iddia qaldırır. Qeydiyyat şöbəsindən aldığı imtina cavabını da həmin iddia ərizəsinə əlavə edir. Bundan sonra məhkəmə vətəndaşın istəyinə baxır və təmin edir“.
Hüquqşünasın sözlərinə görə, soyad sonluğundan “-ov“, “-yev“ şəkilçilərinin tamamilə götürülməsi, onların -lı4, “-zadə“, “-oğlu“, “-qızı“ sonluqları, yaxud sonluqsuz ifadə formaları ilə əvəz edilməsi çox hallarda qeydiyyat idarəsinə müraciət əsasında həllini tapır: “Yalnız soyad tamamilə yenilənirsə, yaxud əvvəllər qeyri-rəsmi istifadə olunan təxəllüs, ləqəb rəsmiləşdirilirsə, bu zaman vətəndaş məhkəmə yoluyla soyadının dəyişdirilməsinə nail olur“. Q.Məmmədovun bildirdiyinə görə, təzə dünyaya gələn uşaqların adları kimi, soyadlarının da rəsmiləşdirilməsi asandır: “Bunun üçün valideynlər qeydiyyatda olduqları ərazi üzrə qeydiyyat idarəsinə müraciət edir, babasının, yaxud atasının adından istifadə etməklə uşağa soyad seçə və onu rəsmiləşdirə bilir“.

Naibə
rubrikasından digər xəbərlər