Yazını böyüt
Yazını kiçilt
Bəzən bir insanın həyatı bütöv bir məktəb olur, fədakarlığın, vətənpərvərliyin və mənəvi ucalığın məktəbi. Professor Mahirə Nağılqızı da məhz belə ömür sahiblərindəndir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tanınmış professoru, elmin, təhsilin və milli-mənəvi dəyərlərimizin fədakar daşıyıcısı Mahirə Nağılqızının 65 illik yubileyi yüksək səviyyədə qeyd edilir. Mahirə Nağılqızı yalnız bir alim və müəllim kimi deyil, həm də Vətən həsrəti ilə yaşayan bir ziyalı kimi tanınır. O, doğma Qərbi Azərbaycan torpaqlarına olan dərin məhəbbətini elmi və bədii yaradıcılığında, nitqlərində, söhbətlərində daim ifadə edib.
Hafta.az xəbər verir ki, Qərbi Azərbaycan onun yaddaşında bir torpaq parçası deyil, bir ruh, bir kimlik, bir mənəvi vətəndir. Uşaqlıq illərinin səsi, elin havası, dağların nəfəsi bu gün də onun qəlbində yaşayır. Mahirə xanımın hər sözündə, baxışında, hər kəlməsində bir hikmət var.O, bir müəllim kimi təkcə biliyini yox, həm də ruhun işığını paylaşır. Vətən sevgisi, milli dəyərlər, insanlıq öyrədir davranışı, xarakteri ilə.Mahirə Nağılqızı yalnız elm yolunun yolçusu deyil, həm də qadın mərdliyinin, ana şəfqətinin, mənəvi dayanıqlığın simvoludur.Nə qədər ki, valideyinlər var, övlad özünü hər zaman uşaq hesab edir. Elə ki, valideyinlər dünyasını dəyişdi, övladlar ruhən qocalır. Bu yaxınlarda o, anasını itirdi. Amma bu ağrının içində belə bir ucalıq, bir təmkin var idi...
Ana…
O müqəddəs varlıq ki,
bizi ilk dəfə həyata, sonra sevgiyə,
sonra Vətənə bağlayan ilk müəllimimizdir
Bu gün o, 65 illik ömrün zirvəsində dayanır. Geriyə baxanda bir ömürlük zəhmət, yüzlərlə tələbə, saysız elmi əsər, minlərlə könül toxunuşu görünür.
“Yazdığım hər sətirdə bir iz var,
O iz Vətəndən gəlir.
Bu yubiley yalnız bir yaşın tamamı deyil , bir ömrün mənası, bir ziyalının iz qoyduğu tarixdir.Mahirə xanım, Siz öz həyatınızla sübut etmisiniz ki, insanın gücü haradan gəldiyini unutmamaqdadır.Siz o gücü doğma torpağın ruhundan, xalqın sevgisindən, ananızın dualarından almısınız.
“O torpağın yeli də, qarı da doğmadır mənə,
Hər xatirə bir yara, hər nəfəsdə Vətən var…”

Elmin, mərifətin, qadın vüqarının və Vətən sevgisinin canlı siması Mahirə xanımın ömrü elə bir kitabdır ki, hər səhifəsi zəhmətlə, fədakarlıqla və saf niyyətlə yazılıb.O, müəllimlik missiyasını sadəcə peşə yox, Vətənə xidmət kimi dərk edib.Mahirə Nağılqızı üçün Qərbi Azərbaycan yalnız doğulduğu yer deyil, ruhunun dayağı, xatirələrinin beşiyidir.O torpaq onun nitqində, baxışında, hər addımında yaşayır.Elə bil, o torpaq Mahirə xanımın qəlbində hələ də nəfəs alır, hələ də ümidlə gözləyir.
Mahirə xanımın anası , Xanım ana nurlu ömrü, təmiz qəlbi, halal zəhməti ilə övladlarına güc, inam və mərdlik aşılayıb.Onun öyüdü, duası, baxışı bu gün də Mahirə xanımın yoluna nur saçır.Ananın itkisi böyükdür, amma belə anaların sevgisi ölmür o, övladının ruhunda yaşayır, sözündə yaşayır bu gün də biz Mahirə xanımın baxışında o ananın işığını görürük…
“Ana, sənsiz səssizdir hər səhərim,
Səsini küləkdən soruşuram indi…
Amma bilirəm hardasa, bir yerdə,
Ruhun gülümsəyir mənim yoluma.”
Siz həm müəllim, həm alim, həm də RUH insansınız. Sizi ürəkdən təbrik edirəm dəyərli insan, qaygıkeş ana, fədakar müəllimə!
Gülşən BEHBUD
Milli Dəyərlər üzrə Maarifləndirmə
İctimai Birliyinin sədri