“Ötən il “Made in Azerbaijan” brendinin təşviqi və ixracın dəstəklənməsi məqsədilə Çin, Polşa, Latviya, Qətər, İsveçrə, Rusiya, BƏƏ olmaqla 7 xarici ölkəyə 9 ixrac missiyası təşkil olunub. İndiyədək isə 33 ixrac missiyası təşkil edilib”.
Bu barədə hafta.az-a İqtisadiyyat Nazirliyindən bildirilib. Verilən məlumata görə, 2019-cu ildə ixrac təşviqinin ödənilməsi ilə bağlı daxil olan müraciətlər əsasında sahibkarlıq subyektlərinə 9 milyon manatadək ixrac təşviqi ödənilib: “Ümumilikdə isə indiyədək sahibkarlara 17 milyon manatadək ixrac təşviqi verilib. 2020-ci ilin may ayında qida, şərab və digər spirtli içki məhsulları sahəsində Azərbaycan ərazisinə alıcı missiyası təşkil olunacaq. Missiyada Almaniya, Polşa, Xorvatiya, Avstriya və Macarıstandan olan sahibkarların iştirakı gözlənilir”.
Nazirlikdən bildirilib ki, 2019-cu ildə Azərbaycan şirkətləri öz məhsullarını Almaniyada “Beynəlxalq Yaşıl Həftə 2019”, “Fruit Logistica 2019”, “Anuga 2019”, Rusiyada “Prodexpo 2019”, “Worldfood Moscow 2019”, “MosBuild 2019”, BƏƏ-də “Gulfood 2019”, Çində “Sial China 2019”, “Prowine China 2019” “Çin Beynəlxalq İdxal sərgisi” və “Food and Hotel” beynəlxalq sərgilərdə vahid ölkə stendində nümayış etdiriblər.
Ümumilikdə isə “Made in Azerbaijan” brendinin təşviqi məqsədi ilə Azərbaycan məhsulları indiyədək 30 beynəlxalq sərgidə vahid ölkə stendində təqdim olunub.