Srebrenitsa soyqırımının daha 30 qurbanı 28 il sonra dəfn olunacaq

11:16 11.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

1995-ci ilin iyulunda Bosniya və Herseqovinanın şərqində yerləşən Srebrenitsa şəhərində törədilən soyqırım zamanı öldürülən və şəxsiyyəti müəyyən edilən daha 30 soyqırım qurbanı bu gün keçiriləcək mərasimdən sonra dəfn ediləcək.

Hafta.az-ın yazdığına görə, İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük insan faciəsi kimi səciyyələndirilən soyqırımda öldürülən və şəxsiyyəti müəyyənləşdirilən 30 qurban üçün günorta saatlarında cənazə namazı qılınacaq.

Cənazə namazından əvvəl Srebrenitsa Memorial Mərkəzində soyqırımının 28-ci ildönümü ilə bağlı anım proqramı təşkil ediləcək. Dəfn olunacaq 30 soyqırım qurbanından ən gənci Elvir Salçinoviç öldürüləndə 15 yaşında, ən yaşlı qurbanı isə 65 yaşında öldürülən Nezir Muminoviç olub.
Bu il dəfn olunacaq soyqırım qurbanlarının adları belədir: “Esad Dzanic, Bəkir Music, Sakib Garaljeviç, Himzo Mujic, Hasib Ibrahimovic, Redjo Jahic, Rifet Tabakovic, İdriz Mehinovc, Mujo Esmic, Saban İbric, Senid Hodzic, Semir Cozic, Sabid Ibrahimovic, Məhməd Gerovic, Halsan Avilovic, Halsan Avicic, Smajlovic, Esed Klempic, Sabahudin Selimovic, Husein Zukic, Elvir Salcinovic, Dzemail Alic, Mustafa Mekanic, Ahmədin Halilovic, Zuhdija Lemes, Hasib Mujanovic, Vejsil Mujanovic, Əkbər Ridjic, Mevlid Aljic və Nəzir Muminovic".

11 iyul 1995-ci ildə Ratko Mladiç komandanlığında serb qoşunları tərəfindən Srebrenitsanın işğalından sonra Birləşmiş Millətlər Təşkilatı (BMT) daxilində Hollandiya əsgərlərinə sığınan mülki bosniyalılar daha sonra serblərə təhvil verilib.

Qadın və uşaqların bosniyalı əsgərlərin nəzarətində olan bölgəyə getməsinə icazə verən serblər meşəlik ərazilərdə, fabriklərdə və anbarlarda ən azı 8372 bosniyalı kişini qətlə yetiriblər. Öldürülən bosniyalılar kütləvi məzarlıqlarda basdırılıb.

Müharibədən sonra itkin düşənlərin tapılması istiqamətində aparılan işlərdə cəsədləri kütləvi məzarlıqlarda tapılan qurbanlar şəxsiyyəti müəyyənləşdirildikdən sonra hər il iyulun 11-də Potocari Memorial Qəbiristanlığında təşkil edilən mərasimlə dəfn olunur.

Potoçari Memorial Qəbiristanlığında 6721 soyqırım qurbanlarının məzarı olduğu halda, bu gün bu rəqəm 6751-ə yüksələcək.

Siyasət rubrikasından digər xəbərlər