Su paklığın, bolluq-bərəkətin simvoluna çevrilib - folklorşünas

13:18 23.02.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsidir. Bəzi mənbələrdə ona “Sular Novruzu”, “Əzəl Çərşənbə”, “Gül Çərşənbə” də deyirlər. Novruz bayramına 4 həftə qalmış insanlar baharın gəlişini, xalq dili ilə desək, boz ayın çərşənbələrini xüsusi təntənə ilə qeyd edirlər. Çərşənbələrin hər biri həyat üçün vacib olan 4 elementin oyanışı kimi simvolizə edilir.  İnanclara görə, Tanrı ilk öncə suyu yaradıb. Elə bu səbəbdən də Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur. Su sağlamlıq, paklıq, talegöstərmə, övladvermə, müqəddəslik, dirilik, ölməzlik, xoşbəxtlik gətirən bir inam rəmzi kimi çıxış edir. Əbəs yerə deyil ki, görülən yuxuları, arzuları və xəyalları suya danışarlar.

Hafta.az əməkdaşı baharın müjdəçisi olan Su çərşənbəsinin, eləcə də Novruz bayramının adət və ənənələri haqqında mütəxəssislə həmsöhbət oldu. 

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi Atəş Əhmədli bildirdi ki, Novruz bayramının tarixi ümumiyyətlə bilinmir.

Bu, minillərlə davam edən adət-ənənələrdir. Hər il yazın gəlişi insanın dünyagörüşündə, fəlsəfəsində təbiət ruhunun yenilənməsi kimi qəbul olunmuşdur. Folklorşünas əlavə etdi ki,  ilk çərşənbənin su və ya od olaraq qeyd edilməsi bölgələrə görə fərqlidir:

“Dövlət səviyyəsində çərşənbələr, su, od, yel və torpaq olaraq sıralansa da, bölgələrə görə bu ardıcıllıq dəyişə bilir. Məsələn, Naxçıvan camaatı deyir ki, bizdə ilk çərşənbə su deyil, oddur. Bu, tək alim, ya da tədqiqatçının fikri deyil, bütün əhali eyni düşüncədədir. Üstəlik, onlar bu fikri əsaslandırmağı da bacarırlar. Mən belə məsələlərdə çox mübahisə yaranmasın deyə, ortaq məxrəcə gəlməyin tərəfdarıyam. Hər zaman təklif edirəm ki, bəlkə mövzuya bir qədər fərqli yanaşaq?! Su ilkinlikdir. Birinci canlı da elə suda yaranıb. Türk şairi Nəcib Fazil Qısakürəkin belə bir şeiri var:

Kainatda nə varsa, suda yaşadı öncə.

Su keçər üstümüzdən, doğulunca, ölüncə...

Elmi işçi Su çərşənbəsinin özünəxas adət-ənənələri olduğunu da vurğuladı. Onun sözlərinə görə, bugünün ən böyük özəlliyi su ilə icra edilən işlərdir.

“İnanclara görə, çərşənbə suyu ilə həyət-bacanı təmizləmək, evlərə su səpmək həmin ocağa ruzi-bərəkət gətirir. Bu, bir növ, paklığın, bolluq-bərəkətin simvoluna çevrilib. Belə inanclar xalq arasında o qədər möhkəmlənib ki, hətta bəzi insanlar bu günü necə keçirərsə, ilboyu növbəti günlərin də elə davam edəcəyini düşünürlər”.

A.Əhmədli inancların insanın yaşadığı təbii şəraitə, relyefə görə formalaşması məsələsinə də münasibət bildirdi:

“Adətən, deyirlər ki, bütün çərşənbələrdə yalnız odun üzərindən atlamaq lazımdır. Bu, bir qədər fərqlidir. Belə ki, çərşənbələrin simvolu sayılan, 4 ünsürdən də keçid mərhələsi var. Bir çox bölgəmizdə Su çərşənbəsi günü insanlar suyun üzərindən atlayır. Bunu təbii olaraq şəhərdə etmək mümkün deyil. “Havadan keçmə” özü də Novruz adətlərindən biridir. Kəndirbaz ipin bir ucundan digərinə gedərkən, əslində, bu adəti icra edir. Bəzi bölgələrimizdə “torpaqdan keçmə” ənənəsi də mövcuddur. Qusarın Hil kəndində torpaqda qazmalar hazırlayıb, xəstə uşaqları, övladı olmayan qadınları oradan keçirirlər. Qədim inanclara görə, 4 ünsürdən keçmək  insanları yoxsulluqdan, səfalətdən qurtarır.  Onu da qeyd edim ki, qədim zamanların günümüzə əmanəti olan bu dəyərlər bizə, bir növ, mədəniyyətimizi aşılayır. Novruz ənənələrində düzgün davranışın, böyüklərə hörmətin və əxlaqın təbliğini görmək mümkündür”.

Qeyd edək ki,  martın 2-də Od, martın 9-da Hava (Yel), martın 16-da isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Bundan başqa, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi, yəni, Novruz Bayramı,  martın 20-i Bakı vaxtı ilə saat 13:37-də təsadüf edəcək.