Sudanda müharibə ikinci ilini tamamlayır

09:25 10.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sudanda müharibə ikinci ilini başa vurur, xalq isə qaranlıq gələcəyin astanasındadır. Amma təəssüf ki, hələ də sülh ümidi oyanmır. Beynəlxalq və regional həll cəhdləri tərəflər arasında danışıqlara başlaya bilməyib.

Hafta.az-ın yazdığına görə, Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri (ÇDQ) arasında 2023-cü ilin aprel ayında başlayan müharibə paytaxt Xartumdakı strateji obyektləri qısa zamanda qara külə çevirib. Nə dinc əhalinin üzərinə yağan güllələr dayanıb, nə də alov bir an belə səngiyib. Xartumun görməli yerləri ya dağıdılıb, ya da güllələrlə deşik-deşik edilib.

Xartumu tutmaq üçün yarış

Müharibənin əvvəlində ÇDQ Xartumun böyük hissəsini nəzarətə götürdü. Bu, ordunun rəhbərlik etdiyi hökuməti Qırmızı dəniz sahilindəki Port Sudan şəhərinə köçməyə məcbur etdi.

Port Sudana çəkilən hökumət ÇDQ-ni paytaxtdakı mülki infrastrukturun məhv edilməsində günahlandırır. Əlbəttə, qarşı tərəf bu ittihamı rədd edərək, ya ordunun hava qüvvələrinin bombardmanlarını, ya da “nəzarətdənkənar” cinayətkarların fəaliyyətini qabardır.

2025-ci ilin martında Sudan ordusu paytaxt Xartuma nəzarəti rəsmən geri aldığını elan etdi. Ordu lideri və Suverenlik Şurasının sədri Əbdül Fəttah əl-Burhan bu inkişafı prezident sarayından etdiyi çıxışda “Xartum artıq azaddır” deyərək bildirib.

Azadlıq yox, ölüm gəldi

Lakin “azadlıq” iddiası Xartumda qalan dinc əhali üçün yeni kabusa çevrildi. Sosial şəbəkələrdə hərbi hissələrin mülki əhaliyə qarşı, xüsusən də etnik və irqi zəmində ciddi pozuntulara yol verməsi ilə bağlı çoxsaylı xəbərlər və görüntülər yayılıb. Küçənin ortasında mülki şəxslərin edam edildiyini əks etdirən videolar hiddətə səbəb olub.

Müstəqil hüquq təşkilatı "Fövqəladə Hüquqşünaslar" bu iddiaları sahədən aldıqları məlumatlarla sənədləşdirdiklərini bildirib. Təşkilatın idarə heyətinin üzvü və insan haqları müdafiəçisi Rahab Mübarək Siddiq Əhməd “Əl-Ain News”a bildirib ki, hərbi qüvvələr Xartumun Kələklə, Cirayif Qarbi və şəhər mərkəzində mülki insanlara qarşı kütləvi edamlar həyata keçirib.

Edamların əsas səbəbi mülki şəxslərin ÇDQ ilə əməkdaşlıq etməsidir. Sözügedən əməliyyatlar həbslərlə başlayıb və məhkəməsiz edamlara çevrilib. Rahabın sözlərinə görə, Berri, İmtidad Nasser və Cənubi Hizam bölgələrində də oxşar ittihamlarla çoxlu sayda mülki şəxs saxlanılıb.

Bu edamların arxasındakı qüvvələrin Sudan Qalxan Qüvvələri, Əl-Bəra bin Malik Batalyonları və Sudan Kəşfiyyat Xidmətinə bağlı “Xüsusi Əməliyyat Batalyonları” olduğu iddia edilib. Rahab vurğulayıb ki, məhkəmə sistemi və rəsmi polis qüvvəsi praktiki olaraq mövcud deyil, ona görə də hüquqi proses işləmir və qanun “əl” zehniyyəti ilə əvəzlənib.

Xartumun izində cəhənnəm

Xartumdakı kimi pozuntular ilin əvvəlində mərkəzi Cəzirə əyalətində baş verib. 2025-ci ilin yanvarında ordu və müttəfiq qüvvələrin Vad Mədəni şəhərini ələ keçirməsindən sonra “Kambo Tayba” ərazisində mülki qırğınlar baş verdi. Bir çox mülki vətəndaş, o cümlədən uşaqlar evlərində diri-diri yandırılıb. Hadisəni “Təqaddum” adlı vətəndaş alyansının insan haqları komitəsi sənədləşdirib.

Martda Kenabi Konfrans Mərkəzi adlı yerli ictimai təşkilat, Sudan ordusu və onu dəstəkləyən könüllülər tərəfindən Cəzirə əyalətində beş kəndin yandırıldığını elan etdi. Bu kəndlərə Kambo Ronqa, Kambo Hilla For, Zalingi, Barqan və Talaba daxildir. Səbəb də eyni idi: ÇDQ ilə əməkdaşlıq etmək.

Beynəlxalq təzyiqlər və yerli cavablar

Cəzirə hadisələri beynəlxalq miqyasda diqqət çəkdi. 2025-ci ilin yanvarında ABŞ Maliyyə Nazirliyi Sudan ordusunun komandiri Əbdül Fəttah əl-Burhana qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib. “Burhanın komandanlığı altında silahlı qüvvələr mülki insanları hədəfə alaraq, ictimai infrastrukturu dağıtmaqla və məhkəməsiz qətllər törətməklə insanlığa qarşı cinayətlər törətməkdə davam edir”, - ABŞ Dövlət Katibi Antoni Blinken bildirib.

Yerli reaksiyalar da sürətli idi. "Dövlətin dağılması, qanunun aliliyinin tamamilə itirilməsi, müharibə zamanı vəhşilik və HDK-nın əvvəlki cinayətləri ordu və onun milislərini intiqamçı əhval-ruhiyyəyə sürükləyib. Bu əhval-ruhiyyədə hər kəs günahkar sayılır və edam edilir" Blinken deyib.

Siyasi analitik və demokratiya müdafiəçisi jurnalist Vail Mahcub, "Mülki vətəndaşların qanuni proseslərə məruz qalmayan iddialar əsasında öldürülməsi qanunun aliliyi prinsipləri ilə bir araya sığmır. Bu hərəkətlər Sudan ordusunun məsuliyyətidir. Beynəlxalq humanitar hüquq və 1949-cu il Cenevrə Konvensiyalarına görə açıq şəkildə cinayətdir" deyib.

Qanun əvəzinə səssiz edamlar

Sudanda müharibə ikinci ilini başa vurarkən, ölkə təkcə silahların kölgəsində deyil - ədalətsizliyin və cəzasızlığın hökm sürdüyü qaranlığa sürüklənir. Hər yeni “azad edilmiş ərazi” yeni vəhşiliyin ünvanına çevrilir. Müharibədə qalib yoxdur; Sadəcə daha çox qurban, daha çox səssizlik, daha az ümid var.