Milli Məclisin müvafiq qanununa görə marşrut avtobuslarında siqaretin çəkiməsi qadağan edilib. Əgər avtobusu idarə edən sürücülərdə bu hal aşkarlanarsa, onlar haqqında qanunamüvafiq olaraq ölçü götürüləcək. Cərimələr tətbiq ediləcək. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən bu cür sürücüləri nəinki cərimələyib, hətta onları işdən də uzaqlaşdırıblar. Təəssüflər olsun ki, hələ də bəzi marşrut sürücüləri qanunlara tabe olmur. Siqaret çəkə-çəkə avtobusu idarə edir. Belə halların daha çox yaşandığı marşrutlardan biri də “Koroğlu” metro stansiyasından Bakıxanova və “Neftçilər” metro stansiyasına işləyən 60 saylı marşrut avtobuslarıdır.
Dünən səhər saatlarında bu xəttlə hərəkət edən 99 XZ437 dövlət nömrə nişanlı avtobusun sürücüsü ilə sərnişinlər arasında məhz siqaret şəkilməsi səbəbindən ciddi narazılıq yaşandı. Ön oturacaqda əyləşən qadın sürücüyə irad tutaraq bildirdi: “Zəhmət olmasa, avtobusda siqaret çəkməyin”. Sürücü qadının sözündən hiddətlənib “özüm bilərəm” deyərək sərnişinləri təhqir etməkdən belə çəkinmədi.Eyni marşrutla hərəkətdə olarkən başqa bir qanunsuzluğun da şahidi olduq.
”Neftçilər” metro stansiyası yaxınlığında poliklinikanın əməkdaşı əlində ensiz nazik kağız parçası və qələm dayanıb hər səhər həmin ərazidən müxtəlif istiqamətlərə hərəkət edən avtobusların sürücülərinə yaxınlaşıb onlardan pul alır. Əvəzində isə hər səhər sürücülərin tibbi müayinədən keçməsi barədə arayış verirdi. Halbuki sürücülər hər gün poliklinikaya gedib sağlamlıqları barədə həkim müayinəsindən keçdikdən sonra marşrutu idarə etməlidirlər.
Bakı Nəqliyyat Agentliyinin qanunu pozan sürücülər haqqında ölçü götürəcəyinə inanırıq.