Avropa ölkələri və Ukrayna yeni müdafiə koalisiyası yaradır

08:24 14.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniya, Fransa, Böyük Britaniya, Danimarka, İtaliya, Niderland, Norveç, İspaniya və İsveç Ukrayna ilə birlikdə Avropanın ballistik raket hücumlarından müdafiəsini gücləndirmək məqsədilə yeni koalisiyanın yaradıldığını elan ediblər.

Hafta.az xəbər verir ki, bununla bağlı qərar Ukraynanı dəstəkləyən ölkələrin - “İstəklilər koalisiyası”nın Parisdə keçirilən sammitində qəbul olunub.

Sammitdə qəbul edilən birgə bəyannamədə bildirilir ki, təşəbbüs Avropa üçün inteqrasiya olunmuş ballistik raketdən müdafiə imkanlarının formalaşdırılmasına, müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsinə və bu istiqamətdə birgə tədqiqatların aparılmasına xidmət edəcək. Koalisiya, həmçinin Rusiya-Ukrayna müharibəsi zamanı əldə olunan əməliyyat təcrübəsindən istifadə etməyi planlaşdırır. Sənəddə vurğulanır ki, layihə tamamilə müdafiə xarakteri daşıyır və hər hansı ölkəyə qarşı deyil, Avropanın təhlükəsizliyinin təmin edilməsinə yönəlib.

Sammitdən sonra təşkil olunan brifinqdə çıxış edən Almaniya Kansleri Fridrix Merts bildirib ki, “İstəklilər koalisiyası” atəşkəs əldə olunacağı təqdirdə də Ukraynanın təhlükəsizliyinə dəstəyini davam etdirəcək. Onun sözlərinə görə, tərəfdaşlar Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi, Avropada hava hücumundan müdafiə sistemlərinin istehsalının artırılması və ballistik raketlərdən müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

Fransa Prezidenti Emmanuel Makron isə yaxın aylarda Ukraynada yerləşdirilməsi nəzərdə tutulan çoxmillətli qüvvənin Ukrayna ilə həmsərhəd ölkələrdə ilk hərbi təlimlərini keçirəcəyini açıqlayıb.

Görüşdə, həmçinin Böyük Britaniyanın Ukrayna üçün ayrılmış 90 milyard avroluq kredit proqramına qoşulduğu elan edilib.