Sülh sazişinin imzalanmasını istəyən tək tərəf Azərbaycandır  - Aydın Quliyev

15:59 08.04.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ermənistan-Azərbaycan arasında gözlənilən sülh sazişi ləngiyir. Sülh sazişi sənədinin iki müddəası ilə bağlı razılaşmanı bayraq edən Ermənistan, hələ ki, nə öhdəliklərini, nə də tələb olunan şərtləri yerinə yetirmir.

Siyasi şərhçi Aydın Quliyev hafta.az-a bildirib ki, Ermənistanın "sülh sazişinin mətni hazırdır" kimi bəyanatı sazişin üzərini ört-basdır etmək üsulu, imzalanmamasına yeni şərait yaratmaq cəhdindən  başqa bir şey deyil.

“Əslində, sülh sazişi imzalansa belə Ermənistanın təcavüzkar hərəkətlərinin qarşısını bir parça kağızla almaq mümkün deyil. Amma vacib şərtlər var ki, onu həyata keçirmədən sülh sazişini imzalamaq heç nəyə yaramaz. Bu da Ermənistanın öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasından əl çəkməsi, ATƏT-in Minsk qrupunun ləğv olunmasına dair çıxışıdır. Əgər bunlar həll olunmasa, şovinist qüvvələr imzalanan sənədi əhəmiyyətsiz kağız kimi bir kənara ata bilərlər”.

A.Quliyev bu mənada "Moody"S-in sülh sazişi ilə bağlı hesabatında gəldiyi qənaəti yetərli hesab etsə də,  əlahiddə bir yanaşma olmadığını deyib. O, Ermənistanın üzündən sülh sazişinin yaxın vaxtda imzalanmasının mümkünsüz olduğunu önə çəkib.

“Sülh sazişinin imzalanmasını istəyən tək tərəf Azərbaycandır. Ermənistan isə sülh sazişinin imzalanmasında maraqlı deyil. Ona görə də tez-tez sərhədlərdə təxribatlar törədir, delimitasiyanın qısa müddətdə başa çatması və bərpa edilməsində maraqlı deyil”.

A.Quliyev hesab edir ki, sülh sazişinin nə vaxt imzalanacağını Ermənistanın qeyri-standart davranışları üzündən proqnozlaşdırmaq çətindir. 

“ Ermənistan sülh sazişini imzalamaq istəmir. Çünki sazişi imzalamaq Ermənistanın təcavüzkar mənafelərinə uyğun deyil və ən əsası da onu buna məcbur edən tutarlı qüvvə yoxdur. Azərbaycandan başqa heç kim Ermənistanı sazişi imzalamağa məcbur etmir. Əksinə, sazişin imzalanmamış qalması br sıra kənar oyunçulara sərf edir. Məsələn, Rusiya sazişin imzalanmasından məmnun deyil. Başa düşür ki, saziş imzalanandan sonra Ermənistan qonşu ilə müharibəyə son qoymuş ölkə statusunda NATO-ya daha yaxından cəlb olunacaq. Rusiya Azərbaycan-Ermənistan müharibəsinin qızışmasında da maraqlı deyil. Çünki müharibə qərb ölkələrinin bölgəyə daha çox nüfuz etməsinə şərait yaradacaq. O ki qaldı qərb ölkələrinə, onlar üçün sülh sazişinin imzalanıb-imzalanmamasının fərqi yoxdur. Çünki sülh sazişi onların region planlarına təsri etmir. Nə vaxta qədər ki, Qərb, Rusiya Ermənistanı sülh sazişinə məcbur etmir, imzalanmayacaq”.