Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində müxtəlif formatlarda görüşlər davam etdirilir. Bu görüş formatları içərisində diqqəti cəlb edənlərdən biri də parlament sədrlərinin Cenevrədə bir neçə dəfə müzakirələr aparmasıdır. Son məlumatlara görə, Milli Məclisin sədri Sahibə Qafarova və erməni spiker Alen Simonyan arasında növbəti görüş planlaşdırılır və ünvan yenə də Cenevrədir. Parlament sədrlərinin müzakirələrinin sülh prosesinə hansı töhfələri ola bilər? Daha çox hansı məqamlar müzakirə edilir?
Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, sülh danışıqları həm xarici işlər nazirləri səviyyəsində, həm də sərhədlərlə bağlı yaradılmış birgə komissiyalar çərçivəsində aparılır. Onun sözlərinə görə, müzakirələrin həm də parlament diplomatiyası müstəvisində aparılması prosesə müəyyən impuls qata bilər.
A.Nağıyev spiker Sahibə Qafarovanın erməni həmkarı Alen Simonyanla görüşü zamanı Azərbaycanın haqlı mövqeyini faktlarla ortaya qoymasına diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycan həqiqətlərinin dünyaya, eləcə də Ermənistan ictimaiyətinə növbəti dəfə parlament səviyyəsində çatdırılması, erməni ictimaiyyətinin sülh prosesinə adekvat yanaşması üçün mühüm amillərdən biridir və sülhə xidmət edir.
“Hətta parlament qrupları səviyyəsində Azərbaycan, Gürcüstan, Ermənistan parlamentlərinin görüşləri də məhz bu məqsədi daşıyır. Dövlət səviyyəsində aparılan danışıqlarla bərabər qanunvericilik orqanlarının görüşləri də müsbət nəticə verə bilər. Çünki hər bir parlament, eyni zamanda müəyən bir elektoratı təmsil edir. Sülh müqaviləsi bağlanandan sona qanunların ratifikasiyasının və digər məsələlərlə bağlı müzakirələr labüddür. Ona görə də deputatların növbəti görüşü də müsbət dəyərləndirilməldir. Ümidvarıq ki, parlament səviyyəsində keçirlən görüşlər sülh prosesinə təsir edən amillərdən biri olacaqdır”.
Deputat Hikmət Məmmədov bildirib ki, Ermənistan və Azırbaycan arasında sülhün əldə olunması mürəkkəb proses oluğu üçün əlavə səylər tələb edir. Onun sözlərinə görə, bu mənada rəsmi xarici siyasət institutları və liderlər arasında aparılan görüşlərlə bərabər, həm də hər iki parlamentin potensialı da prosesə cəlb olunub.
“Həlledici olmasa da, parlament diplomatiyası da bu prosesə töhfələrini verə bilər. Sülh dayanıqlı, etibarlı, uzunmüddətli olmalıdır və bunun üçün də qanunverici orqanların bu prosesə dəstəyi çox vacibdir. Ona görə də belə görüşlərin keçirilməsi mühümdür. Nəticədə sırf qanunvericilik kontekstində sülh prosesinə maneə ola biləcək, önünü kəsə biləcək nələr varsa bunlar nəzərə almaqla aradan qaldırıla bilər. Ona görə də düşünürəm ki, parlament diplomatiyası xarici siyasətin birbaşa predmeti olmasa da, bütün hallarda milli diplomatiyanın resurslarından biri hesab edilir. Bu mənada Azərbaycan və Ermənistan deputatlarının görüşü vacib görüşlərdən biri kimi səciyələndirilməlidir”.
H.Məmmədov hazırda danışıqlar prosesində çox mühüm mərhələyə qədəm qoyulduğunu deyib. O, Azərbaycan Prezidentinin qeyd etdiyi fikirlərə istinad edərək, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının substantiv mərhələsinə cəmi 6 ay olar ki, qədəm qoyulduğunu xatırladıb. Deputat bildirib ki, 2023-cü il sentyabrın 19-20-dən sonrakı mərhələ substantiv mərhələdir. Ona görə ki, sülhə maneə olan əsas problem aradan qaldırılıb və Qarabağda separatçılığın yuvası ləğv edilib. “Hesab edirəm ki, parlament deputatlarının görüşü yeni substantiv mərhəldə ilk görüşdür. Ümid edirik ki, yaxşı nəticələrin əldə olunması üçün zəmin yarada bilər”.
Deputat Aydın Mirzəzadə bildirib ki, Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdikdən sonra İrəvanla normal qonşuluq qurmaq istəyini ortaya qoydu. Bunun üçün prinsiplər irəli sürülüb, sülh müqaviləsi üzərində işlər gedir, vaxtaşırı xarici işlər nazirlər və baş nazirin müavinləri səviyyəsində görüşlər keçirilir:
“Bütün bunlarla yanaşı Beynəlxalq tədbirlər çərçivəsində Parlament sədrlərinin görüşü də böyük əhəmiyyət kəsb edir. Bu, artıq hər iki ölkə cəmiyyətinin bir-birinə inamın artmasına, tək dövlətlərarası deyil, xalq diplomatiyası metodlarının da işə düşməsinə səbəb olur. Parlament vətəndaşlar tərəfindən seçkili bir orqandır və onun rəhbərlərinin görüşü eyni zamanda cəmiyyətin fikrinin qarşı tərəfə çatdırılmasında böyük rol oynayır. Parlament sədrlərinin görüşündə Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan milli maraqlarını qətiyyətlə qoruyur. Azərbaycan sülh istəyini ortaya qoyur, erməni tərəfinin vaxtaşırı dövriyyəyə buraxdığı yalanları ifşa edir və qarşı tərəfi konstruktiv münasibətlərə dəvət edir. Qarşıdan gələn görüşlərdə də ikitərəfli inamın artırılması üçün Azərbaycan tərəfdən müvafiq addımların atılacağını gözləmək olar.”