Bu günlə götürsək sərt karantin rejiminin üçüncü gününü yaşayırıq. Bakı- Abşeron, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhər və rayonlarında xüsusi karantin rejimi iyulun 5-nə qədər davam edəcək.
Sərt karantin rejimi təkcə iş yerlərinin bağlanmasıdırmı? Əlbəttə, xeyr. Nazirlər Kabineti yanında Operativ Qərərgahın bununla bağlı qoyduğu tələb və qaydalar var. Onlardan biri də insanların sosial qorunma qaydalarına əməl etmələridir. İstər ictimai nəqliyyatda, istərsə də market, aptek və digər qapalı yerlərə daxil olanda qaydalar gözlənilməlidir.
Bakı şəhərində polislər gücləndirilmiş iş rejimində çalışırlar. Metro girişlərində icazəsiz şəxsləri buraxmırlar. Maska taxmayanlara da təkidlə maska taxmalarını tələb edirlər. Bəs Bakıdan kənarda ümümi vəziyyət necədi?
Hafta.az olaraq elə Bakıdan çox da uzaq olmayan ikinci böyük şəhərimiz Sumqayıta yollandıq. Karantin qaydalarına əməl olunurmu, olunmurmu deyə maraqlanmaq istədik.

İlk başlayaq Sumqayıtın ən böyük ərazilərində biri olan “Katej” adlandırılan ərazidən. Burada hər şey yaxşıdır. Küçələrdə insanlar çox azdır.

Sumqayıt şəhərində avtobuslarda insanlar maska taxsalar da, marşrutun özünün sosial tələblərə əməl etməməsini görə bilirəm. Oturacaqlarda bildirişlər yoxdur, spirt məhlulu olan aparat yerindən götürülüb. Bu diqqətçəkən məqam digər avtobuslarda da elədir. Onu da deyim ki, bu təkcə bu gün deyil, bundan əvvəl də belə idi. Ya spirt məhlulu olan aparat olmur, ya da aparat boş olur.

Sumqayıtda ikinci bir problem Kapital bankın qarşısında yüzlərlə insanın bir yerə toplaşmasıdır. Əgər sərt karantin rejimidirsə bu işləri banklar onlayn həyata keçirməlidir. Ya da növbəli sistem əsasında gün ərzində çağırmalıdırlar. Lakin bankın qarşısında dayanan insanların halından məlum olur ki, bank bu sistemlə çalışmır.

Sumqayıtda fəaliyyət göstərən “ASAN xidmət”də vəziyyət elədir. ASAN-nın qarşısında toplaşmış insanlar görəsən koronavirusa yolxuma və yoluxdurma təhlükəsinə yaxın olduqlarını bilirlərmi? ASAN xidmət bununla bağlı çağrışlar edirmi, edirsə bu qədər insan niyə qarşısına toplanıb?

Daha bir üzücü məqam Bakı-Sumqayıt arası işləyən mikroavtobuslarda insanların kiçik bir salona yerləşdirilməsidir. 18 nəfər insan bir yerdə bu şəhərdən digər şəhərə gəlir. Bəs axı qaydalarda 10 nəfərdən yuxarı toplaşma yox idi. Postlar qurulmuşdu. İcazəsi olmayan və saxta arayışlı vətəndaşlar buraxılmayacaqdı?

Koronavirus isə heç kimə güzəştə getmir. Ölkədə klinikalarda yer çatışmazlığına az qalıb. Qaydalara əməl etməliyik. Özümüz üçün, ətrafımız üçün. Vətənimiz üçün...