Yaşadığımız cəmiyyətdə evliliyin təməl məqsədlərindən biri uşaq sahibi olmaq və nəsil davam etdirməkdir. Elə buna görə də, günümüzdə əksər ailələrin dağılmasına sonsuzluq səbəb olur. Sürətlə inkişaf edən tibb elmi təəssüflər olsun ki, sonsuzluq qarşısında hələ də acizdir. Problemi yaradan amillər isə müxtəlifdir. Çirkli hava, sağlam olmayan qidalanma və yaxud da genetik faktorlar sonsuzluğa gətirib-çıxaran başlıca səbəblər hesab olunur. Övlad sahibi olmaq istəyən ailələrin son illərdə üz tutduğu ən populyar üsul süni mayalanmadır.
Xatırladaq ki, süni mayalanma prosesi ilk dəfə 1978-ci ildə İngiltərədə həkim Edvard Staptoye tərəfindən həyata keçirilib və nəticədə bir qız uşağı dünyaya gəlib. Hələlik süni yolla dünyaya gələn uşaqların özlərinin dünyaya təbii yolla övlad gətirib-gətirməyəcəyi məlum deyil. Mövzu ilə bağlı mütəxəssislər dəqiq fikir söyləməkdən çəkinirlər. Ölkəmizdə isə, süni mayalanma nəticəsində dünyaya gələn ilk körpənin hazırda 17 yaşı var. İlk dəfə türk mütəxəssisi Ersadık Turanın apardığı süni mayalanma hadisəsi 2004-cü ildə baş verib.
İldən-ilə bu yolla dünyaya gələn uşaqların sayı artmaqda davam edir. Bir məqamı da vurğulamaq istərdik ki, süni mayalanma zamanı dünyaya gətirilən uşaqlar əsasən əkiz və üçəmlər olur. Rəsmi rəqəmlərə görə, bu ilin ilk 2 ayı ərzində 20984 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 13,0 təşkil etmişdir. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 510-u əkiz, 9-u isə üçəm doğulanlardır.
Bəs görəsən, süni mayalanma yolu ilə baş tutan hamiləliklərdə niyə 2 və daha çox uşaqlar doğulur? Proses zamanı neçə embrion yerləşdirilməlidir, bu say nə ilə tənzimlənir? Bu yolla övlad sahibi olan qadınların səhhətində sonralar hansısa problemlər yarana bilərmi?
Hafta.az-ın əməkdaşı yaranmış suallara aydınlıq gətirmək üçün mütəxəssisə müraciət etdi.
Uzman mama-ginekoloq Əsmər Axundova mövzu ilə bağlı danışarkən söylədi ki, süni mayalanma prosesindən sonra, mayalanma zamanı alınan yüksək doza hormonlar nəticəsində qadının orqanizmində müəyyən fəsadlar yarana bilər. Buna görə də müraciət edən qadının əvvəlcədən keçirdiyi xəstəliklər haqqında ümumi anlayışlar toplanıb, bütün risklər göz önündə tutulmalıdır.
Həkimin sözlərinə görə, ana rəhminə yerləşdirilən embrion sayı yaşla bağlı müəyyənləşdirilir:
“Protokola əsasən 30 yaşa qədər qadına 1, 35-ə 2, 40-a 3, 45-dən yuxarı isə 4 embrion da qoyula bilər. Bu tək yaşla bağlı deyil. Uşaqlığın vəziyyəti, qadının ümumi göstəriciləri ilə bağlı individual olub, həkimin və embrioloqun birgə fikri nəticəsində formalaşdırılır. Demək istədiyim odur ki, həmişə protokol üzrə getmirik, istisnalar da olur”.

Mütəxəssis süni mayalanma prosesinin eyni insan üzərində bir neçə dəfə təkrar oluna biləcəyini də vurğuladı. Əlavə etdi ki, bunun üçün sadəcə ən azı 3-6 ay olmaqla ara məsafəsi qoyulmalıdır. Yaş həddinə gəldikdə isə, bu daha çox özünü mayalanmanın tutub-tutmaması ilə biruzə verir:
“Süni mayalanma prosesi gənc qadınlarda daha çox eeffektiv olur. Alınma faizi 35 yaşa qədər 65-70 olursa, 35 yaşdan sonra bu faiz göstəricisi aşağı düşür”.
Mama-ginekoloq qoyulan embrion sayına görə süni mayalanmadan sonra daha çox əkiz və üçəm uşaqların doğuluğunu da bildirdi:
“Bəzən olur ki, kimlərsə effekt almaq üçün 3-4 embrion yerləşdirir. Belə vəziyyər də əkiz və üçəmlərin doğulmasına gətirib çıxarır. Döllərin sayı çox olduğu halda induksiya(döllərdən birinin məhvi) prosesi icra oluna bilər. Bu da təbii ki zərurət yarandığı halda tətbiq olunur”.
Yeri gəlmişkən mütəxəssislər əksər hallarda, əkiz və üçəm hamiləlik zamanı erkən doğuşun baş tutduğunu söyləyir. Belə ki, bu zaman da hamiləlik müddəti maksimum 32-33 həftəyə, nadir hallarda 34-35 həftəyə çatır.
Süni mayalanmalar zamanı dünyaya gələn əkiz və üçəmlərin populyasiyaya təsirinə gəldikdə isə, mövzuya münasibəti “Status” Sosial Araşdırmalar Mərkəzinin sədri Nail Cəlil bildirdi. O söylədi ki, belə faktların artması ümumilikdə müsbət haldır. Süni mayalanmaya gəldikdə, ekspert bunun tərəfdarı olmadığını bildirdi:
“Mən bunun tərəfdarı deyiləm. Düşünürəm ki, belə faktların əhali artımında hələ ki, xüsusi bir çəkisi yoxdur, ona görə, əhəmiyyətli bir təsirdən danışmaq üçün çox tezdir.
Əhali artımına ciddi təhlükə yaradan faktor, toyların qadağan edilməsi, pandemiya vəziyyət ilə bağlı yaranan digər tibbi-ekoloji, sosial-iqtisadi çətinliklərdir. Məhz bu səbəblərdən əhali artımında xeyli azalma müşahidə edilir. Şəxsən mən milli ailə dəyərlərinin ciddi qorunmasının, demoqrafik artımın stimullaşdırılmasının, ölkə əhalisinin nəzərəçarpacaq artımının tərəfdarıyam”.
Sosioloq süni mayalanma ilə bağlı yaranan vəziyyəti bu cür dəyərləndirdi:
“Bu durum anlaşılandır. İnsanlar övlad sahibi olmaq, təbii yolla yaranan çətinlikləri bu üsulla aradan qaldırmaq istəyirlər. Süni mayalanmaya münasibət və onun nə dərəcədə doğru, adekvat olması mübahisəlidir. Say tərkibi ilə yanaşı, sağlamlıq, insan həyatının keyfiyyəti də önəmlidir. Yəni, sayın artması hələ problemin həlli demək deyil. Təbii artım, sosial və genetik faktorları ciddi tənzimləyir, cəmiyyətdə münasibətlərə pozitiv impuls verir. Süni mayalanmanı hər kəs fərqli, müxtəlif şəkildə başa düşür. Bəziləri burada ailə və irsi bağlılıq faktorlarını arxa plana çəkirlər, nəzərə almırlar. Halbuki bu, çox önəmli, vacib amildir. Təbii, irsi olan hər şey daha gözəldir. Sağlam ailə, sağlam münasibət məhz təbii sosial-demoqrafik artımdan, sağlam münasibətlərdən dünyaya göz açan övladdan qaynaqlanır”.
Bəli, göründüyü kimi hələlik övlad sahibi olmaq istəyənlər üçün ən geniş yayılmış üsul süni mayalanma sayılsa da, burada da cavabı heç də birmənalı olmayan suallar mövcuddur.