Konqoda Ebolaya yoluxanların sayı 1700-ü ötüb

11:16 08.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 1708, ölənlərin sayı isə 580 nəfərə çatıb.

Hafta.az Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına istinadla xəbər verir ki, təşkilat ölkənin şərqində, xüsusilə İturi və Şimali Kivu əyalətlərində epidemiyanın şiddətləndiyini və ictimai sağlamlıq riskinin "çox yüksək" olaraq qaldığını bildirib.

Müalicə mərkəzləri artıq demək olar ki, tam dolub, virusun gizli yayılması isə davam edir. Hazırkı epidemiya təsdiqlənmiş peyvəndi və spesifik müalicəsi olmayan Bundibugyo Ebola virusu növündən qaynaqlanır.

Qeyd edək ki, Konqo Demokratik Respublikasında Bundibugyo virusuna qarşı ilk klinik sınaqlara başlanılıb. ÜST və Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri epidemiyanın nəzarətə götürülməsi üçün beynəlxalq dəstəyin gücləndirilməsinin vacibliyini vurğulayırlar.