Dövlət Yol Polisi hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.
Baş Dövlət Yol Polisi İdarəsindən hafta.az-a bildiriblər ki, günün ikinci yarısından etibarən ölkə ərazisində, xüsusilə Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar yollarda yarana biləcək qəzaların və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyətinə bir daha diqqət yetirmələri, aşkarlanan nasazlıqları aradan qaldırmaları və mümkün qədər günün işıqlı vaxtlarında yola çıxmağa üstünlük vermələri tövsiyə olunur. Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha diqqətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər. Sürücülər idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməli, gölməçələr olduqda sürəti azaltmalı, zərurət yaranmadıqda ötmə əməliyyatı aparmamalı, qəfil manevrlər və kəskin əyləcdən istifadə etməməlidirlər.
Sürücülük təcrübəsi az olan şəxslərin belə hava şəraitində nəqliyyat vasitəsini idarə etməkdən çəkinmələri daha məqsədəuyğun olardı.