Şuşa qalasının 270 illiyinə həsr olunmuş virtual sərgi açılacaq

13:00 08.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə oktyabrın 12-də Şuşa qalasının 270 illiyinə həsr olunmuş Elturan Avalovun əsərlərindən ibarət virtual sərgi açılacaq.

Nazirlikdən hafta.az-a bildirilib ki, sərgi ordumuzun işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda qazandığı qələbələrinə ithaf olunur.

Sərgi Ermənistan tərəfindən işğal olunmuş doğma torpaqlarımızda maddi və mədəni irsimizi bəşər mədəniyyətinin çox qiymətli inciləri kimi ictimaiyyətin diqqətinə yenidən çatdırmaq məqsədilə həyata keçiriləcək.

Ekspozisiyada Azərbaycan ziyalısı kimi Elturan Avalovun bir vaxtlar küçələrində gəzib-dolaşdığı Şuşanın evlərini, məhəllələrini, tarixi məscid və meydanlarını təsvir etdiyi qrafik işlərindən ibarət olacaq.

Qeyd edib ki, Elturan Avalov 20 avqust 1940-cı ildə Bakı şəhərində anadan olub. O, 1957-1963-cü illərdə Azərbaycan Politexnik İnstitutunun memarlıq ixtisası üzrə təhsil alıb.

Qrafika rəssamı kimi onun yaradıcılığı çoxşaxəlidir. Azərbaycan klassiklərinin əsərlərinə çəkdiyi illüstrasiyaları ilə yanaşı, musiqi əsərlərindən “Reyhan”, “Ay bəri bax”, “Güləbatın”, “Qoy gülüm gəlsin, ay nənə” kimi mahnılarına çəkdiyi qroteskli karikaturaları, realistik üslubda işlədiyi “Hacı Murad” və “Bəstəkar Fikrət Əmirov”, “Sevil”, “Neftçilər” adlı portretləri buna nümunədir. Rəssamın Üzeyir Hacıbəylinin “Arşın mal alan” və “O olmasın, bu olsun” operettalarına çəkdiyi rəsmləri böyük mütəfəkkirin əsərlərinin məzmununu təsviri sənətdə açıqlamaqla yanaşı, xalqımızın özünəməxsus yaşam tərzini incə yumorla təsvir edir. Rəssamın Şuşadakı “Seyidli məhəlləsi”nin, “Xoca Mərcanlı” və “Hacı Yusifli” məhəllələrinin, “Aşağı Gövhər Ağa məscidi”ndə yerləşən məhəllənin, “Tacir Məşədi Tağının evi”, “Gəncə darvazası” kimi qrafik əsərləri xüsusilə diqqəti cəlb edir. Y.Salamzadə Şuşanın memarlıq abidələrinin qrafik rəsmlərini tarixi abidələrin “Daşlaşmış poeziya”sı adlandırıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Elturan Avalovun qrafika işlərindən ibarət kataloqu çap olunacaq.

Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri xüsusi karantin rejimi və sosial izolyasiya, komendant saatı şəraitində sərgi salonlarının müvəqqəti bağlı olmasını nəzərə alaraq virtual sərgini izləməyə dəvət edir.

Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.

 

Oxunma sayı 726
Mədəniyyət rubrikasından digər xəbərlər