Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumu çərçivəsində "Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşdirilməsi: TDT çərçivəsində inteqrasiya perspektivləri" mövzusunda panel sessiyası keçirilib.
Hafta.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc paneldə çıxışı zamanı dünyada hərbi-siyasi konfliktlərin, beynəlxalq təhlükəsizlik böhranının gücləndiyi, risklərin çoxaldığı dövrdə Azərbaycan-Türkiyə beyin mərkəzlərini birləşdirən vahid platformanın qlobal çağırışlara cavab verdiyini bildirib:
"Türk dünyasının intellektual gücünü birləşdirərək qlobal qeyri-müəyyənliklərə qarşı ortaq strateji güc yaratmaq mühüm vəzifədir. Ölkələrin gələcəyini kənardan idxal olunan ideyalar müəyyənləşdirməməlidir. İndi türk dünyası siyasi, iqtisadi, mədəni və hərbi birliyini Şuşa, Astana, Bişkek və Qarabağ bəyannamələri ilə möhkəmləndirir, gələcəyə dair yol xəritəsi imzalayır. Digər "dünya"lardan fərqli olaraq, türk dünyası xalqları vahid çətir altında toplamaq üçün yaradılan süni ideoloji-siyasi birlik deyil, ortaq tarixi və mədəni ruhun yeni minilliyə daşınmasıdır, türk geosiyasətinin - "türk qütbü"nün ifadəsidir".
İsmayıl Qaspıralı Xarici Siyasət İnstitutunun direktoru Esma Özdaşlı isə qeyd edib ki, Türkiyə Qərbin qərəzli yanaşması səbəbindən müdafiə sənayesinin milliləşdirilməsinə böyük investisiya qoyub:
"Hazırda Türkiyənin istehsal etdiyi müdafiə sənayesinin məhsullarının 81%-i millidir. Qlobal gərginliklər fonunda Türkiyənin müdafiə sənayesinin güclənməsi və müasir silah sistemlərinin inkişaf etdirilməsi bölgə üçün önəmli amilə çevrilib. Türkiyə pilotsuz uçuş aparatlarının bir çox münaqişə bölgəsində uğurlu tətbiqi bu sahədə Türkiyənin qlobal mövqeyini daha da artırıb. Türkiyə öz milli sənayesi hesabına bölgədə həyata keçirdiyi əməliyyatlar səbəbindən Qərbin sanksiyalarına məruz qalıb. Məsələn, 2019-cu ildə Suriyada "Sülh bulağı" əməliyyatı keçirdik, bundan sonra Almaniya başda olmaqla Qərb ölkələri Türkiyəyə sanksiya tətbiq etdilər. Ümumiyyətlə, Türkiyə bəzi silahlardan yararlandıqda sanksiya ilə üzləşdiyi halda, Ukraynada həmin hərbi avadanlıqlar istifadə olunanda rəğbət göstərilib. Bu isə Qərbin Türkiyəyə qarşı necə ikili standarlardan çıxış etdiyini göstərir".
İbn Haldun Universitetinin Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin direktoru Yaşar Sarı çıxışında türk dünyasında kollektiv təhlükəsizlik məsələsinə önəm verilməsindən danışıb:
"Türk dövlətlərinin problemlə üzləşdikdə dəstək ala biləcəkləri güc mərkəzinin olması önəmlidir. Bu ehtiyacı Qarabağ zəfərinin bir nəticəsi olaraq görə bilərik. Həmçinin TDT daxilində türk dövlətlərində yeni universitetlərin yaradılması, ali məktəblərarası mübadilələrin həyata keçirilməsi də vacib məsələdir". /report/