Şuşanın azadlığından bəhs edən “44 gün” sənədli filmi çəkilib - Nazirlik

13:19 17.09.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi vətən müharibəsi və həmin ərəfədə baş verən hadisələrin kino vasitəsi ilə təbliğini aparmaq məqsədi ilə ciddi işlər görür.

Nazirliyin ictimayətlə əlaqələr şöbəsinin rəhbəri Məryəm Qafarzadə Hafta.az-a açıqlamasında bildirdi ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Salnaməfilm” studiyası Bakı Media Mərkəzi ilə birgə “Biz” adlı sənədli film istehsal edib. Sözügedən film arxa cəbhənin qəhrəmanlarından bəhs edir.

Bundan başqa 44 günlük tarixin əbədiləşdirilməsi üçün film sahəsində görülən işlərin davamı olaraq Bakı Media Mərkəzinin “Salnaməfilm” studiyası ilə növbəti əməkdaşlığı olan “44 gün” adlı sənədli filmin istehsalı artıq başa çatıb. Film Şuşa şəhərinin işğaldan azad olunması prosesini əks etdirir. Xüsusi Təyinatlı Qüvvəllərlə eyni vaxtda şəhərə daxil olan çəkiliş qrupumuzun eksklüziv video görüntüləri bu filmdə öz əksini tapacaq. Yaxın günlərdə filmin təqdimatı nəzərdə tutulur.

Böyük Zəfərimizin milli kinoda növbəti mühüm əksi hazırda istehsal mərhələsində olan “Həyat deyəsən gözəldir” tammetrajlı bədii filmidir. Tragikomediya janrında olan filmin ssenari müəllifi və rejissoru Xalq artisti Vaqif Mustafayevdir.

Hazırda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Nərimanfilm” kinostudiyasında “Doğma torpaq” adlı tammetrajlı bədii filmin istehsalı davam edir. Rejissoru və ssenari müəllifi İlqar Safat olan filmdə Xocalı faciəsi, habelə Vətən müharibəsində baş verən hadisələr əks olunur. Filmin 2022-ci ilin əvvəlində geniş tamaşaçı auditoriyasına çıxarılması nəzərdə tutulur.

Oxunma sayı 54