Hazırda respublikanın bir sıra bölgələrində əkin sahələrinin suvarılmasında ciddi çətinliklər yaşanır. Son günlər Kür çayına yenidən dəniz suyunun qarışması mövcud problemi daha da dərinləşdirib. Belə ki, Neftçala, Hacıqabul, Ucar və digər rayonlarda su çatışmadığından fermerlər taxıl sahələrini suvara bilmirlər. Onların sözlərinə görə, suvarma suyunun gecikməsi məhsuldarlığa mənfi təsir göstərəcək. İndi fermerlər aidiyyəti qurumlardan mövcud problemin həlli üçün dəstək gözləyirlər.
Bəs, görəsən, suvarma problemini necə həll etmək olar? Hazırda ölkənin daha çox hansı ərazilərində əkin sahələrinin suvarılması ilə bağlı çətinliklər var? Elektron suvarma qrafiki niyə effekt vermir? Əkin sahələrinin suvarılmasında hansı yeni texnologiyalardan istifadə mümkündür?
Su resursumuz tələbatımızdan 5 dəfə çoxdur
Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib ki, Azərbaycanın su resursu kifayət qədərdir: “Baxmayaq ki, Kürdə suyun səviyyəsi azalıb, yağıntı əvvəlki kimi düşmür, bununla yanaşı, bizim mövcud olan su resursumuz tələbatımızdan 5 dəfə çoxdur. Məsələn, Azərbaycandan fərqli olaraq, torpaq, iqlim şəraiti bir o qədər münbit olmayan İsrail 1,1 milyard kubmetr su ilə özünün ərzaq məhsullarına və içməli suya olan tələbatını tam ödəyir. İsrailin də 10 milyona yaxın əhalisi var. Yəni, mövcud olan imkanlar nəzərə alınmalı, həmin imkanlara uyğun da tədbirlər həyata keçirilməlidir. Biz bununla bağlı hökumətə konkret təkliflər vermişdik. Yağışyağdırma, damcılı suvarma kimi innovativ üsullardan istifadə olunmaqla suya qənaət edilməlidir. Eyni zamanda, suyu borular vasitəsilə çatdırmaq lazımdır. Suyun ədalətli bölgüsü o vaxt olacaq ki, su mənbədən götürülərək borular vasitəsilə bütün təsərrüfatlara paylanılır. Fermer bir düyməni basmaqla əkin sahəsinin suya olan tələbatını istənilən vaxt ödəyə bilsin".
4 milyard dollar vəsait lazımdır
Ekspertin sözlərinə görə, su itkisinin yaranma səbəbi su kanallarında sovet dövründən təmir-bərpa işlərinin aparılmaması, nəticədə sızmaların yaranmasıdır: “Sızmaların yaranması ətrafdakı əkin sahələrində bataqlıq yaradır, şoranlaşmaya gətirib çıxarır. Köhnə qayda ilə aparılan primitiv selləmə suvarma bitkinin normal qidalanmasına və havalanmasına imkan vermir. Bizim cəmi 1 milyon 400 min hektar suvarma aparılan ərazimiz var, qalanı dəmyədir. Bu sistemi qurmaq üçün təxminən 4 milyard dollar vəsait lazımdır. Ötən illərdə regionların inkişafı adı ilə 74 milyard manata yaxın vəsait xərclənib.

Əslində, 74 milyard manatla Azərbaycanın kənd rayonlarını yenidən qurmaq, suvarma və digər problemlərini tamamilə həll etmək olardı. Kənddə yaşayan hər bir ailə üçün müasir dövrün tələbinə uyğun yeni mənzil də inşa etdirmək olardı. Hanı o pullar? Yəni problem suda deyil, su var. Problem pulda deyil, pul da var. Əsas problem idarəetmədədir. “Görüş” filmini xatırlayırsınızmı? Orada belə bir epizod var. Bizimkilər pambıq sahəsini sulayır, sahəni sel basır. Özbəkistandan gələn nümayəndə bunu görüb deyir ki, siz nə edirsiniz? Selləmə metodu ilə də pambığı suvarmaq olar. Bu kinonun, təxminən, 62 yaşı var. Özbəkistanda hələ o vaxtdan pambıq sahələri borularla suvarılırdı. Bu gün Özbəkistanda hər hektardan 50 sentner taxıl götürülür, Azərbaycanda isə ötən il 27 sentner olub. Baxın, onlar həm suya qənaət edirlər, həm məhsuldarlığı artırırlar, həm də keyfiyyətli məhsul istehsal edirlər. Azərbaycan isə hələ də əkin sahələrinin suvarılmasını köhnə metodla həyata keçirir, eyni zamanda da, bu sahəni idarə edənlərin aqrar sektordan anlayışı yoxdur, peşəkar deyillər. Məsələn, Azərbaycanın 5 milyard kub suvarma suyuna ehtiyacı var. Yəni, biz ölkəmizi tam ərzaqla təmin edə biləriksə, bizə cəmi 5 milyard kubmetr su lazımdır. Ölkəmizdə istifadə olunmuş su iki dəfə bundan artıqdır. Azərbaycanın resursu isə 6 dəfə bundan çoxdur. Deməli, burada söhbət sudan yox, onun səmərəli istifadəsindən getməlidir".
Azərbaycanda yağış suyu yığılmır
V.Məhərrəmov onu da deyib ki, başqa ölkələrdən fərqli olaraq Azərbaycanda yağış suyu yığılmır: “Digər ölkələr yağan yağış sularını və çaylarda su bolluğu yaranan zaman onun bir hissəsini xüsusi anbarlara yığırlar. Yay vaxtı ehtiyac yarananda ondan suvarma, yaxud içməli su kimi istifadə edirlər. Baxmayaraq ki, anbarlar var, amma onların əksəriyyəti məmurların “sərəncamındadır”. Orada balıq yetişdirirlər. Fermerlərə həmin göllərdən su mənbəyi kimi istifadə etməyə imkan verilmir. Əvvəllər istifadə olunan coxlu sayda təsərrüfat daxili anbarlar isə uzun müddət təmir edilmədiyi üçün sıradan çıxıb, yararsız hala düşüb”.
Ən böyük zərbə kənd təsərrüfatına dəyir
Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən Kənd Təsərrüfatı Nazirliyinin Torpaqlardan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib ki, hazırda qlobal iqim dəyişikliyi ilə əlaqədar bütün dünyada şirin su qıtlığı müşahidə olunur: “Azərbaycan da bu baxımdan risk qrupunda olan ölkələr sırasındadır. Ümumi şirin su istehlakının 70-80faizi kənd təsərrüfatının payına düşdüyünü nəzərə alsaq, iqlim dəyişkiliyi nəticəsində ən böyük zərbə elə kənd təsərrüfatına dəymiş olur. Nəzərə alaq ki, bizim də 1,5 milyon hektar suvarılan torpağımız var və əkilən torpağın yenə də 80-90 faizi suvarılan torpaqlardır. Bu o deməkdir ki, biz bilavasitə suvarmadan asılıyıq. Digər tərəfdən, dəmyə şəklində əkilib-becərilən torpaqlarımız da yağıntı tsiklinin pozulması səbəbində risk altına düşür. Təbii ki, bu məsələ qloballığına görə ölkə rəhbərliyinin diqqətini cəlb elədi, hətta vəziyyət o qədər kritikləşmişdi ki, cənab Prezidentə də məruzə olundu. Ötən ilin aprel ayında cənab Prezidentin müvafiq sərəncamı ilə Su Komissiyası yaradıldı. Bu Komissiyaya Baş nazirin müavini rəhbərlik edir, o cümlədən aidiyyəti qurumlar, eləcə də Kənd Təsərrüfatı Nazirliyi bu qurumda təmsil olunur. Qeyd edim ki, bu bir il ərzində komissiya çox böyük işlər görüb, həm infrastruktur təhlil olundu, həm itkilərə daha çox məruz qalan ərazilər müəyyənləşdi, həm də qurumlararası koordinasiya məsələsi tənzimləndi. Yəni məlum oldu ki, bəzi hallarda biz suyu olduqca səmərəsiz istifadə edirik. Hazırda komissiya akiv şəkildə fəaliyyət göstərir və ayda iki dəfə iclas keçirilərək müvafiq məsələlər müzakirə olunur”.

Mövcud suyun bərabər bölgüsü
Mütəxəssis vurğulayır ki, hazırda Kənd Təsərrüfatı Nazirliyi fermerlər arasında müasir suvarma sistemlərindən istifadənin təşviqini aparmaqla yanaşı, mövcud su ehtiyatından səmərəli, ədalətli istifadənin təmin olunmasına çalışır: “Bu gün mövcud olan 20-21 milyard kubmetr ehtiyat suya münasibətdə 12 milyard kubmetr su ehtiyatımız var. Mövcud suyun fermerlər arasında ədalətli bölgüsünü həyata keçirmək üçün lazımi orqanlara müraciət olundu. Bunun üçün suvarma qrafikinə başlanıldı. Bununla bağlı qrafik tərtib olunaraq Kənd Təsərrüfatı Nazirliyinin və "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəsmi internet saytında yerləşdirilib. Hər bir fermer növbəti suvarma suyunu nə zaman alacağını o qrafikdə imzalayıb, dərc edib, lazım olan məlumatları təqdim olunan sayta daxil etməklə orada öz suvarma qrafikini görə bilər. Bu mövcud olan suyun bərabər bölgüsü deməkdir. Kütləvi İnformasiya Vasitələri ilə bir daha çağırış edirik ki, fermerlər aktiv olsunlar və qrafiklərini təsdiq etsinlər. Yəni fermerlər bilməlidirlər ki, əvvəlki kimi bol su yoxdur. Ona görə kimə nə qədər su verilirsə, ədalətli bölgü prinsipi ilə həyata keçirilməlidir. Biz bunu ötən il çox uğurla tətbiq etdik”.
Onun sözlərinə görə, artıq fermerlər innovativ suvarma sistemlərini tətbiq etməkdə maraqlıdırlar: “Bu sistemə keçid baş verməkdədir. Hazırda iri təsərrüfatlarda innovativ suvarma sistemləri tətbiq edilir. Bizim təhlillərimiz göstərir ki, innovativ suvarmadan istifadə edən fermerlər məhsuldarlıqda 2, hətta 3 dəfəyə qədər qazanc əldə edə bilirlər. Eyni zamanda, istifadə etdiyi suyun hər hektarında 2-2,5 dəfə suya qənaət etmiş olur. Bununla bağlı dövlət dəstəyi də mövcuddur. Birincisi, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən müasir suvarma sistemləri dəstinin dəyərinin 20faiz ilkin ödəniş etməklə, 40 faiz dövlət güzəşti tətbiq olunur, məbləğin 20 faizinə isə uzunmüddətli kredit təklif edirik. Eyni zamanda, aqrar sekrorda artıq yeni subsidiyalar tətbiq olunur. Məsələn, intensiv bağlara yüksək, hektarına 700 manat subsidiya veririk. Bu subsidiyanın verilmə şərtlərindən biri də müasir suvarma sistemləri dəstinin quraşdırılmasıdır. Yəni, fermer intensiv bağı üçün mütləq şəkildə müasir suvarma sistemlərini qurub qənaətedici suvarmadan istifadə etməlidir ki, ona subsidiya ayrılsın. Bunun da deyərdim ki, effektiv təsirləri var. Bu ildən birdəfəlik subsidiyalar veririk. Fındıq, zeytun üçün 4400-4500 manatdan başlayır. Subtropik bitkilər var ki, məsələn, limona hektara 11 min manat subsidiya təklif edirik. Bu o deməkdir ki, məqsədimiz müasir suvarma sistemlərinin tətbiqini bilavasitə genişləndirməkdir”.
Riskli zonalar
Respublikanın hansı bölgələrində suvarma riskinin yüksək olmasına gəlincə, Firudin Tağıyev bildirir ki, əsas risk qruplarından biri şimal zonasıdır: “Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarında risk yüksəkdir. Bilirsiniz ki, o istiqamətdə “Taxtakörpü” su anbarının suvarma ilə yanaşı, digər funksiyası Ceyranbatan su anbarına suyun ötürülməsidir. Yəni Samur-Abşeron kanalı bu gün içməli su təminatına xidmət etdiyi üçün bəzən kənd təsərrüfatı sektoruna suyun verilməsində məhdudiyyətlər qoyulur. Aran rayonlarından Saatlı və Biləsuvar rayonları çox riskli zonadadır. Bu rayonlar Araz çayından yararlanırlar, çayda son dönəmlər suyun az olması əkin sahələrini ciddi təhdid qarşısında qoyur. Ötən ildə pambıqçılıq sahəsində bir sıra problemlər yaranmışdı. Digər risk qrupuna Yuxarı-Şirvan kanalı üzərində olan rayonlar, yəni Ucar, Ağdaş, Kürdəmir, Hacıqabul daxildir. Təbii ki, fors-major hallar baş verəndə suvarma qrafikində müəyyən dəyişiklik edilir. Əslində, bu məsələ birbaşa Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətindədir. Bildiyiniz kimi fermerlərə suyun çatdırılmasını həmin qurum həyata keçirir. Təbii ki, onlar bu kimi məsələləri diqqət mərkəzində saxlayırlar. Suyun dislokasiya məsələsi önəmlidir. Yəni, harada ehtiyac varsa, çalışılır ki, maksimum o istiqamətə su verilsin. Bu məsələ Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmaqla mütəşəkkil qaydada təşkil olunur”.
Sevinc