Tahir Mirkişili: "Builki hesabatda da nəticə əsaslı büdcə modelindən istifadə edilib"

14:35 19.04.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Builki hesabatda da nəticə əsaslı büdcə modelindən istifadə edilib. Yəni planlaşdırılmış və icra edilmiş fəaliyyətlər müvafiq büdcə və nəticə göstəriciləri qeyd olunmaqla göstərilib. Palatanın Strateji planının 2023-cü il üçün əməliyyat planının 91.7% icra olunmasını təqdirəlayiq hal hesab edirik. Qeyd edim ki, 2022-ci ildə bu göstərici 81.3% idi”.

Hafta.az xəbər verir ki, bunu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Milli Məclisin bugünkü iclasında Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı bildirib.

Deputat bildirib ki, hesabatda audit təsirinin ölçülməsi üzrə tətbiq edilən yanaşmanın genişləndirilməsini, fəaliyyətin kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəriciləri, o cümlədən nəzərə alınmış təklif və tövsiyələr barədə məlumatların verilməsini də təqdirəlayiq hal hesab edilib.

“Hesabatda Palata tərəfindən ilk dəfə olaraq həyata keçirilən hökumət əsaslı Dayanıqlı İnkişaf Məqsədlərinin qiymətləndirilməsi, konsolidə edilmiş maliyyə hesabatlarının auditinin aparılması, investisiya fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi haqqında geniş məlumatlar verilib. Biz bu istiqamətlərdə Palatanın fəaliyyətini məqbul hesab edirik”.
T.Mirkişili 2023-cü ilin Prezident tərəfindən “Heydər Əliyev ili” elan edilməsinə diqqət çəkib və ulu öndər Heydər Əliyevin iqtisadiyyatı gücləndirməklə hər bir milli hədəfə nail olmağın yolunu müəyyən etdiyini deyib.

“Bu tarixi bir ildə Azərbaycan ərazilərinin separatçı qüvvələrdən tam təmizlənməsi möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz üçün yeni bir dövrün başlanmasına rəvac verib. Qələbəmizin 3-cü ildönümünü qeyd etdiyimiz bu ildə işğaldan azad edilmiş ərazilərdə dünyada misli görünməmiş geniş bərpa-quruculuq işləri həyata keçirilib, əldə etdiyimiz zəfər daha da möhkəmlənib. 2023-cü ildə ölkədə makroiqtisadi sabitlik qorunub saxlanılıb, insanları narahat edən inflyasiya isə cilovlanıb. Bu ildə ÜDM 1.1%, qeyri-neft-qaz sektorunda ÜDM isə 3.7% artıb. ÜDM mütləq ifadədə hesabat ilində 123 mlrd. manata çatıb. Dövlət büdcəsinin gəlirlərinin 35 mlrd 574.8 mln manat, xərclərinin isə 36 milyard 458.5 milyon manat icra edilməsi palatanın potensial fəaliyyət dairəsinin 2023-cü ildə daha da artdığını deməyə imkan verir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət xərclərinə nəzarətin artırılmasını, maliyyə intizamının, resurslardan istifadənin səmərəliliyin səviyyəsini yüksəldilməsini bütün dövlət oranlarının diqqət mərkəzində olmalı olduğunu əsas vəzifələrdən biri kimi müəyyən edib. Qarşıya qoyulan bu tapşırığa əməl edilməsində mühüm missiya yerinə yetirən, kənar dövlət maliyyə nəzarətini həyata keçirən, Milli Məclisin bu proseslərə effektiv nəzarətinin artmasında mühüm analitik məlumat mənbəyi rolunu oynayan Hesablama Palatasının fəaliyyəti, bu fəaliyyətin güclənməsi və səmərəliliyin artması bizim əsas hədəflərimizdən biridir”.

Oxunma sayı 64