“Tarixinizi və memarlığınızı öyrənmək üçün irəlidə imkanlarım olacaq” - İngus Evertovskis

09:55 07.03.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bir neçə gün sonra – 10 - 13 mart tarixlərlərində Bakıda latviyalı fotoqraf İngus Evertovskisin çəkdiyi fotoşəkillərdən ibarət sərgi açılacaq. Sərginin adı da “Avropa körpüləri” olacaq. FantazEU Festivalının bir hissəsi olan fotosərgi Belçika, Bolqarıstan, Çexiya, Fransa, İsveç, Latviya, Macarıstan, Polşa, Slovakiya və Yunanıstan kimi Avropa İttifaqına üzv ölkələrin “körpülərini” özündə əks etdirəcək. Maraqlıdır, niyə məhz körpüləri? Körpülərin fəlsəfi mənası var: o tarixi abidədir, mədəniyyətdir, xalqlar arasında birləşdirici vasitədir... Sərginin müəllifi, fotoqraf İngus Evertovskislə Hafta.az-da qısaca söhbət elədik. Gəlin müsahibəyə birlikdə nəzər salaq:

- Əslində bu mənim ilk sərgim deyir. Əsərlərim indiyədə bir neçə sərgidə, daha çox Latviya və digər Baltikyanı ölkələrdə nümayiş etdirilib. Azərbaycanda isə bəli, şəkillərim ilk dəfə sərgilənəcək. Körpülərin çox simvolik mənası var, onları həm tikmək olar, həm də sökmək. Onları həm hərfi, həm də məcazi mənada başa düşə bilərik. Həm də bədii nöqteyi-nəzərdən körpülər çox fərqlidir, bənzərsizdir, tikinti və sənətin şah əsəridir. Ola bilsin ki, bu “Körpülər” sərgisi gələcəkdə aramızda yeni körpü yaratsın.

- Siz daha əvvəllər Bakıya gəlib, Azərbaycan tarixi tikililəri, axitekturası ilə tanış oldunuzmu? Ümumiyyətlə, ölkəmizlə bağlı nələri bilirsiniz?

- Təəssüf ki, hələ Azərbaycanda olmamışam, amma nə vaxtsa orda olacağıma ümid edirəm. Azərbaycanın təbii mənzərələrini, dağlarını, florasını əks etdirən çoxlu gözəl foto və videolar görmüşəm. Həm qədim, həm də müasir memarlıq çox maraqlıdır. Mən Bakı, onun qədim hissəsi, mədəniyyəti və ləzzətli mətbəxi haqqında çox eşitmişəm.

- İngus, siz Avropanın fərqli şəhərlərində foto müsabiqələrdə iştirak etmisiniz. Həmin tədbirlərə hansı əsərlərinizlə getmişdiniz: körpülərlə, yoxsa fərqli fotolarla?

- Nə az, nə çox, iyirmi ilə yaxındır ki, şəkil çəkirəm və müxtəlif məzmunlu fotolarla, fərqli mövzularla müsabiqələrdə iştirak etmişəm. Çəkdiyim şəkillərdən tez-tez müxtəlif turist kitabçalarında, ümumi kitablarda, məlumatverici və təşviqedici materiallarda istifadə olunur.

- Ən çox bəyənilən fotonozu seçə bilərsiniz?

- Yəqin ki, atla çəkilmiş fotoşəkildir... Çünki müsabiqələrdə də çox bəyənilib və “Lumix” mükafatına layiq görülüb.

- Ümumiyyətlə, fotoqraflıq sizdə hobbidir, yoxsa işinizdən irəli gələn məcburi sənət? Məncə hobbi olduğu zaman daha möhtəşəm əsərlər yaratmaq mümkündür...

- Fotoqrafiya hazırda əsas işim deyil. Təbii ki, vaxtilə mətbuatda, özəl foto şirkətlərində fotoqraf kimi çalışmışam, müxtəlif tədbirlərə və ya fərqli layihələrə fotoqraf olaraq işləmişəm. Baxın, fotoqrafiya əgər işdirsə, onda müxtəlif tədbirlərə qatılmaq üçün kifayət qədər geniş imkanlar var və maraqlı təcrübə formalaşdırır. Ancaq fotoqrafiya mənim üçün iş deyil, sadəcə hobbidirsə, o zaman istədiyiniz yerdə, istədiyiniz fotoşəkli çəkə bilərsiniz və bu daha mümkündür. Bununla belə, “həvəskarlar həmişə daha yaxşı şəkillər çəkir” fikri ilə razı deyiləm. Çünki bu peşədəki hər kəs daha yaxşı şəkil çəkmək, necə çərçivələmək, fotoşəkilləri necə yerləşdirmək və sair haqqında təcrübə və anlayışa malik olmalıdır. Xoşbəxtlikdən mənim üçün fotoqrafiya iş və hobbi arasında balansdadır.

- Bu arada, sizin yanğın söndürənlərin fotolarını çəkdiyinizi də öyrəndim, hətta əməyinizə görə bu Xidmətdən mükafat da almısınız. Fotoqrafçılıqla yanğınsöndürənlər arasında nə əlaqə var, bu necə olub?

- Bəli, doğrudur. Mən hələ də yanğınsöndürmə məntəqələrinə getməyə və onların işlərini əks etdirən fotoşəkillər çəkməyə hazıram. Təəssüf ki, cəmiyyətdə yanğınsöndürənlərə müəyyən mənfi münasibət var və mətbuatda onlar haqda çoxlu neqativ yazıların dərc olunur. Mən məhz belə bir vaxtda daha ciddi əməkdaşlığa üstünlük verdim. Məncə onları kiçik, təsadüfi şeylərə görə mühakimə etmək düzgün deyil, axı yanğınsöndürənlər başqalarını xilas etmək üçün öz həyatlarını riskə atırlar. Başa düşdüm ki, onlara dəstək lazımdır. Bundan sonra kifayət qədər uzun müddət ərzində, mütəmadi olaraq yanğınsöndürmə bölmələrinə getdim və onların real fəaliyyətini əks etdirən fotoşəkillər çəkdim və indi də çəkirəm.

- Heç olubmu ki, çəkdiyiniz şəkilləri satasınız və ya kimlərdənsə ödənişli sifariş alasınız? Yəni bu hobbidən həm də şəxsi büdcənizi artırmaq üçün istifadə etmisiniz? Əgər etmisinizsə, neçəyə satırsınız və burada motiv rol oynayırmı?

- Bayaq qeyd etdim ki, mən vaxtilə mətbuatda fotoqraf çalışmışam və müxtəlif layihələr, tədbirlər üçün işə qəbul olunmuşam. Təbii ki, işimə görə müxtəlif səviyyələrdə maaş almışam. Hazırda maaş alsam da, bunun maddi rifahını yaxşılaşdırmaq kimi bir rol oynadığını söyləməzdim. Çünki əslində fotoqrafiyaya, bəzi aksesuarlara və ya enerjiyə xərclədiyim pul uzunmüddətli perspektivdən daha yüksəkdir. Bu, daha çox sərmayə qoymaq istədiyiniz və hər zaman daha çox inkişaf etmək istədiyiniz hobbi kimidir.

- Siz təbiət fotoları da çəkirsiniz, yoxsa yalnız insan əlinin yaratdığı abidələrlə məhdudlaşdırırsınız işinizi? Məsələn, ötən il latviyalı xanım rəssam Dace Strausanın da Bakıda sərgisi açılmışdı. Sərgi “Qarabağ atları”adlanırdı və əsərlər tamamilə atlardan bəhs olunmuşdu...

- Təbii ki, yalnız memarların və ya sadəcə yanğınsöndürənlərin şəkillərini çəkməmişəm. Mən də açıq havada kifayət qədər çox vaxt keçirirəm, dəniz sahilində, ümumiyyətlə, uzun məsafələri qət edib, gəzməyi xoşlayıram. Çox vaxt fotoşəkillər çəkmək üçün planlaşdırılmış təbiət obyektinə getmək vaxtı çatanda havanı proqnozlaşdırır və izləyirəm. Düşünürəm ki, maraqlı mövzular olacaqsa və o mövzuya aid fotoşəkillər çəkə biləcəyəmsə, mütləq getməliyəm. Mən daha yaxşı əməkdaşlığın, təcrübənin və dünyada sülhün tərəfdarıyam.

- Qarabağ atları demişkən, Azərbaycanın azad olunmuş ərazilərinə səfər edin, orada çoxlu qədim körpülər var ki, ermənilər çoxunu dağıtsa da, bəziləri qalıb. Məsələn, Xudafərin körpüsünün şəklini çəkin, bu körpü Azərbaycanla İran arasında axan Araz çayı üzərindədir... Lap elə Bakıda da arxitekturalı tikintilər var ki, məncə sizin üçün tapıntı olar...

- Başa düşürəm ki, hər bir ölkədə, hər bölgədə görmək, zövq almaq və fotoşəkil çəkmək üçün xüsusi nələrsə var. Ümid edirəm ki, yanınızda olmaq, mədəniyyətinizi yaşamaq, mətbəxinizi dadmaq, tarixinizi və memarlığınızı öyrənmək üçün irəlidə geniş imkanlarım olacaq...