Tatarıstan prezidentini Moldovada təyyarədən enməyə qoymadılar

10:00 18.04.2023 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Tatarıstan prezidenti Rüstəm Minnixanov rəsmi səfərə getdiyi Moldova ərazisinə buraxılmayıb.

Hafta.az-ın yazdığına görə, Moldovada Qaqauz türklərinin muxtar respublikasında keçirilən “Xalqlar dostluğu - 2023” beynəlxalq konqresində iştirak etmək üçün şəxsi təyyarə ilə Moldovaya gedən Minnihanov Kişinyov hava limanında Moldova hökuməti tərəfindən “persona non qrata” elan edilib və təyyarədən enməsinə icazə verilməyib. Minnixanovun köməkçilərinə onun ölkəyə buraxılmaması ilə bağlı yazılı sənəd təqdim olunub.

Vəziyyəti sosial mediada videomüraciətlə izah edən Minnihanov, “Təəssüf ki, Moldova səlahiyyətliləri arzuolunmaz vətəndaş olduğumuza qərar verdi. Ona görə də təəssüf ki, qurultayda iştirak edə bilməyəcəyik” deyib.

Minnixanovu Qaqauz konqresinə dəvət edən Moldova parlamentinin deputatı Aleksandr Suhodolski isə deyib: "Mən bütün sənədlərlə birlikdə Minnixanovu hava limanında gözləyirdim. Kişinyov hava limanında Minnixanovun təyyarədən enməsinə belə icazə verilməyib".

Moldova gömrük polisi bildirib ki, Minnixanovun nümayəndə heyətinin səfəri Moldova hakimiyyəti ilə razılaşdırılmayıb.

135 min əhalisi olan Qaqauz Muxtar Vilayəti Rusiya ilə yaxınlaşmanın tərəfdarıdır. 90 faizdən çoxunu ortodoks xristianlar təşkil edən qaqauzların oğuz türk mənşəli olduğu bildirilir.

Siyasət rubrikasından digər xəbərlər