Taxıl idxalında 82 faiz Rusiyadan asılılıq milli təhlükəsizliyimizə təhdiddir - Ekspert

16:05 06.01.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın ərzaq buğdasına illik tələbatı təxminən 1 milyon 700 min tondur.

Bu fikirləri hafta.az-a iqtisadçı ekspert Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, bu tələbatın 43-44 faizi idxal hesabına ödənilir:

“İdxal da əsasən, Rusiya və Qazaxıstandandır. Amma idxalda əsas pay, təxminən 81-82 faiz Rusiyaya məxsusdur. Baxmayaq ki, bizim həm Qazaxıstandan, həm də Ukraynadan taxıl idxal etmək potensialımız var.

Strateji məhsul idxalında əsas payın, təxminən 82 faizin bir ölkədən asılı vəziyyətə salınması milli təhlükəsizliyə təhdiddir. Sabah Rusiya siyasi təzyiq göstərmək üçün taxıl ixracatını dayandıra bilər. Amma hansısa səbəbdənsə biz tələbatın əsas hissəsini Rusiyadan idxal olunan məhsul hesabına qarşılayırıq.

Rusiya da bilirsiniz ki, ixracata əlavə vergilər qoyub. Həmin vergilərə görə də bizim xərclərimiz artıb. İndi ölkəyə idxal olunan ərzaq buğdasının tonu 320-360 dollar ətrafındadır. Müşahidələr həm də onu göstərir ki, dünya bazarında həqiqətən də bahalaşma var. Təxminən, 50 faizə qədər bahalaşma müşahidə olunur”.

Ekspert vurğulayıb ki, bu məsələdə hökümət mümkün qədər qiymətlərin sabitləşməsinə çalışacaq: “Təcrübə göstərir ki, hökümət həmişə çörəyin qiymətinə həssas yanaşıb. Bunun da səbəbləri var və hökümət çox yaxşı bilir ki, Azərbaycan əhalisi əsasən kasıb əhalidir. Kasıb əhali də çörəyi çox yeyir.

Məsələn, Avropada il ərzində insanlar 80-90 kq çörək yeyirlərsə, Azərbaycanda bir insan il ərzində ortalama 150-160 kq çörək yeyir. Yəni, heç nə tapmayan pendir-çörəklə gününü başa vurur. O da olmayanda, ona da imkan çatmayanda artıq vəziyyət daha da gərginləşir. Hesab edirəm ki, hökumət siyasi nöqteyi-nəzərdən düşünərək imkanları daxilində addımlar atacaq.

İstehsalçılara dotasiyanın verilməsi, idxalçılara dotasiyanın verilməsi kimi məsələlər həllini tapacaq. Bu addımlar müvəqqəti xarakter daşıya bilər və həm də hökümətə çox baha başa gələ bilər. Ən yaxşı variant dizel yanacağının qiymətini ən azı 50 faiz aşağı salmaq, taxıl istehsalını ciddi şəkildə stimullaşdırmaq lazımdır. Əgər bu addımları atmasaq, daxili və xarici amillərin yüksək olması səbəbindən bu ilin ikinci yarısından etibarən qiymətləri cilovlaya bilməyəcəyik.

Düzdür, bizdə indiyədək də taxıl istehsalı stimullaşdırılıb. Bu göstərici olduqca aşağı olub. Digər tərəfdən, həmin dotasiyaların böyük əksəriyyəti korrupsiyanın yemi olub. Belə ki, məmur sahibkarlar saxta əkin yerlərini qeydiyyata saldıraraq subsidiyaları mənimsəyiblər. Belə hallar kifayət qədərdir. Ona görə də Azərbaycanda taxıl istehsalı ilə bağlı görülən işlərin ciddi nəticəsi yoxdur.

Bu məsələdə şəffaflıq tam olaraq təmin olunmalı, subsidiyanın məbləği artırılmalıdır. Halbuki sovet dövründə Azərbaycan ərzaq buğdasına olan tələbatının 95 faizini yerli istehsal hesabına ödəyirdi. Yəni, bu potensial bizdə mövcuddur. Sadəcə olaraq bu istiqamətdə araşdırma aparılmalı, mütəxəssis rəyləri öyrənilməlidir.”.