Statistik məlumatlara əsasən, bu il ölkəmizdə 3 milyon tona yaxın taxıl istehsal olunub.
Bu fikirləri hafta.az-a iqtisadçı-ekspert Akif Nəsirli deyib.
Onun sözlərinə görə, bizdə həmişə istehsal olunan taxılın təxminən 60-70 faizi ərzaq buğdası olur:
“Əgər biz o hesabla götürsək, 3 milyon tonun təxminən 1,6-1,7 milyon tonu ərzaq buğdası olmalıdır. Deməli, bizə kənardan o qədər ciddi buğda ehtiyatı əldə etməyə ehtiyac qalmır.
Çünki Azərbaycan əhalisinin buğdaya olan tələbatı təqribən 1,8-2 milyon tondur. Belə olan halda Azərbaycana təxminən 300-400 min ton ərzaq buğdası lazım olacaq. Onun da idxalı o qədər ciddi problem deyil.
Amma indiyə kimi Azərbaycan hər il 1,2-1,3 milyon ton xaricdən buğda idxal edib. Burada statistikanın etibarsızlığı ortaya çıxa bilər.
Ola bilsin ki, statistikanın rəqəmləri etibarlı olmasın. Bizdə heç 3 milyon ton taxıl istehsal edilməyib. Bu sahədə saxtakarlıq var, taxılın subsidiyasının əldə etmək üçün 100 hektar əvəzinə, 500 hektar sənədləşdirirlər.
Bunu hökümətə yaxın böyük şirkətlər edirlər. Yəni, qeyri-dəqiq statistik rəqəmlər dolaşdığına görə, əlimizdə olan rəqəmlərə istinadən vəziyyəti tam ətraflı dəyərləndirə bilmirik. Amma ümumi götürdükdə, əvvəlki illərə nisbətən Azərbaycanın yerli buğda istehsalı xeyli artıb. Bu artım həm də işğaldan azad edilmiş ərazilər hesabına baş verib. Ona görə də Azərbaycan bu il buğda istehsalını əsaslı şəkildə azaldacaq”.