“Taxtı”nı qorumağı bacaran ev süpürgələri - Məişət

11:42 05.06.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bir zamanlar hər evin bir küncündə ev süpürgələrini görmək olardı. Yazıya keçmiş zamanların istinadı ilə başlasaq belə, bu gün də süpürgələrə tələbat qalmaqdadır. Hafta.az olaraq bu qədim təmizlik vasitəsinin günümüzdə istifadəsi,  tarixi və bugünü ilə bağlı araşdırma apardıq.

İlk süpürgələr indikilərə heç bənzəmirdi. Lap qədim zamanlarda süpürgələr ağac budaqlarından və otlardan hazırlanırmış. Onlarla bağlı müxtəlif əfsanələr də mövcuddur. Cadugərlərin süpürgələr ilə havada dolaşması kimi...  Heç vaxt təsdiqini tapmayan bu fikrə əsasən 1453-cü ildə Guillaume Edelin adlı şəxs süpürgəni ilk uçuran insandır.

Süpürgələr bugünkü formasında isə ilk dəfə amerikalı fermer Levi Dickenson tərəfindən arvadı üçün hazırlanmışdır.

Bu gün yerli satış obyektlərində və bazarlarda ev süpürgələrinin ortalama satış qiyməti 3 manatdır. Texnologiyanın sürətli inkişafı, özünü idarə edə bilən ağıllı ev alətlərinin hazırlanması isə bu ənənəvi təmizlik vasitəsini "taxtından" endirməyi bacarmayıb. Satıcılar deyirlər ki, süpürgələr “çox alınanlar” arasındadır. Qiymətləri isə dörd mövsüm dəyişməz olaraq qalır. Yay aylarında bağ evlərində təmizlik artdığı üçün bu, satışlara da yaxşı təsir edir.

Uzun illərdir "8-ci Kilometr" bazarında süpürgə satışı ilə məşğul olan həmsöhbətimiz Şahismayıl Şıxıyev deyir ki, ev süpürgələrinin qiyməti 2 manat 50 qəpikdən başlayaraq 4 manata qədər dəyişir. Fərqi isə keyfiyyəti, qalınlığı və ölçüsündədir:

"Süpürgələr Ağstafa rayonundan gətirilir. Ev süpürgələri orada sahələrə əkilir, daha sonra isə yığılıb bağlanır. İlboyu satışa süpürgə çıxarılır və qiyməti dəyişməz olaraq qalır. Bəzən olur ki, yayda satışlar çoxalsın, onda qiymət də cüzi miqdarda qalxa bilir".

Müsahibimiz deyir ki, tozsoran və digər təmizlik vasitələri təbii süpürgənin yerini vermir. Elə buna görə də ona tələbat hər zaman olur.

Başqa bir müsahibimiz isə süpürgələri daha ucuz qiymətə topdan alığını söyləyir. Onların hansı üsulla hazırlandığını bilməsə də deyir ki, adətən, həyət-bacanı təmizləmək üçün gətirilən süpürgə növləri az vaxtda satılıb qurtarır:

“Ev süpürgələri də yaxşı satılır, ancaq nisbətən gec xarab olduğu üçün hamı ondan az alır. Tozsoranlar  nə qədər çox təkmilləşdirilsə də, dədə-baba qaydası ilə evi dərindən süpürməyin yerini heç nə vermir. Ona görə də bizim “bazar”ımız həmişə var”.

Qiymətlərə gəldikdə isə burada da ev süpürgələri 3 manata satılır. Ölçüləri isə standartdır. Belə nəticəyə gəldik ki, süpürgələr hələ də yaxşı təmizlik vasitəsi kimi populyarlığını qoruyub saxlamaqdadır.