Qazaxıstanın Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən sammitində iştirakı türk dövlətləri arasında sürətlə artan iqtisadi inteqrasiya fonunda baş verir. 2024-cü ilin məlumatlarına görə, TDT ölkələrinin ümumi daxili məhsulu 2,1 trilyon dolları ötür, ümumi ticarət dövriyyəsi isə təqribən 1,1-1,17 trilyon dollar təşkil edir.
Hafta.az-ın yazdığına görə, TDT-nın baş katibi Kubanıçbek Omuraliyev Kazinform-a bildirib ki, təşkilat üzv ölkələr arasında daxili ticarətin həcmini 10 faizə çatdırmaq kimi iddialı məqsəd qoyub.
“Hazırda TDT-na üzv dövlətlər arasında daxili ticarət cəmi 7 faizə yaxındır (2024-cü ildə üzv ölkələrin ümumi ticarət dövriyyəsinin 850 milyard dollar) və ya təxminən 58,17 milyard dollardır. Cəmi bir neçə il əvvəl bu rəqəm cəmi 3 faiz idi, ona görə də biz müsbət dinamika görürük. İndi məqsədimiz bu rəqəmi mümkün qədər tez bir zamanda 10 faizə çatdırmaqdır”, - o, əlavə edib. Əsas artım sənaye, energetika və kənd təsərrüfatının ixracı sektorlarında, o cümlədən nəqliyyat və logistika xidmətlərində müşahidə olunur ki, bu da birgə layihələrin və infrastrukturun inkişafının strateji əhəmiyyətini təsdiqləyir” deyən TDT baş katibinin sözlərinə görə, bu məqsədə çatmaq üçün nəqliyyat və logistika sahəsində maneələr aradan qaldırılır.
“Biz həmçinin nəqliyyat və gömrük əməkdaşlığında əhəmiyyətli irəliləyiş əldə etmişik. Sadələşdirilmiş Gömrük Dəhlizi, Beynəlxalq Birgə Yük Daşımaları Sazişi kimi müqavilələr və E-İcazə, E-CMR və E-TIR kimi rəqəmsal təşəbbüslər logistikanı optimallaşdırmağa və ticarətin səmərəliliyini artırmağa kömək edir. Bütün bu səylər regional iqtisadi inteqrasiyanın dərinləşməsinə və üzv ölkələrimiz arasında ticarət axınının yaxşılaşdırılmasına kömək edir”, - o fikrini tamamlayıb.