Teatrlar maddi ziyanla işləyir - SORĞU

17:00 19.11.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Uzun müddətli fasilədən sonra, nəhayət Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, oktyabrın 1-dən konfrans, konsert zallarının, kinoteatrların, teatrların fəaliyyəti bərpa olundu.

Bundan sonra, teatr zallarının  ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə tamaşaçı qəbul etməyə icazə verildi. Hazırda teatrların fəaliyyətinin bərpasının üzərindən ay yarım vaxt keçib. Bəs görəsən, teatrlar özləri pandemiyadan sonrakı vəziyyətlə razıdırlarmı?  Mövcud durum və tamaşaçı sayı aktyorları və texniki heyəti nə dərəcədə qane edir? Pandemiyadan öncəki tamaşalarla indiki arasında hansı fərqlər var? Hafta.az-ın əməkdaşı bütün bu suallara cavab tapmaq üçün teatrlar arasında sorğu apardı.

Azərbaycan Pantomima Teatrının aktyoru və direktoru, Əməkdar artist Elman Rəfiyev bildirdi ki, pandemiya digər sahələrdə olduğu kimi,  onların da işinə çox mənfi təsir göstərib:

“Aktyorlar uzun müddət səhnədən kənarda qaldılar. Aktyorluq elə bir sənət növüdür ki, mütləq surətdə mütəmadi olaraq səhnədə olmaq lazımdır. Lakin biz evdə oturduğumuz müddətdə də boş-bekar qalmadıq. Teatrımızın bədii rəhbəri və baş rejissoru Bəxtiyar Xanızadənin təklifi ilə onun tapşırıqları evdə aktyorlar tərəfindən icra olundu. Pantomima teatrı bədən və mimika teatrı olduğu üçün pandemiya bizə daha çox təsir edə bilərdi. Lakin aktyor heyəti evdə bu işlə vaxtaşırı məşğul oldular”.

Direktorun sözlərinə görə, oktyabrın 1-dən teatrların fəaliyyəti bərpa edilsə də, Pantomima Teatrında tamaşalar başqa teatrlarla müqayisədə bir qədər gec səhnələşdirildi:

“Bizim tamaşalarımız hərəkət və mimikaların üzərində qurulub.  Hər bir tamaşada da 1000-2000 hərəkət var. Bu hərəkətləri 2 il fasilədən sonra yenidən yada salmaq lazım idi. Həm Bəxtiyar Xanızadənin həm də aktyor heyətinin səyi nəticəsində biz bunları yenidən bərpa etdik. Noyabrın 20-dən hər həftənin sonu – şənbə və bazar günləri tamaşalarımıza start verdik”.

Əməkdar artist zalın ümumi tutumunun 50 faizinə qədər tamaşaçı gəlməsi məsələsinin teatrda yaratdığı qəribə vəziyyətlə bağlı da danışdı. Belə ki, Pantomim teatrında cəmi 40 yer var. Bu halda da, səhnədə 14 aktyor olanda, onları zalda cəmi 20 tamaşaçı izləyir:

“Qanun qarşısında boynumuz qıldan incədir. Əgər qanun qəbul edilibsə bizim borcumuz ona riayət etməkdir. Aktyor üçün zalda tamaşaçının olması daha məqsədəuyğundur. Amma, bu gün qanun zalın 50 faizi qədər tamaşaçıya icazə verirsə, biz də həmin şəxslər üçün tamaşa oynayacağıq. Bu amil başqa teatrlarda özünü bir o qədər də biruzə vermir. Pantomim teatrında cəmi 40 yer var. Onun yarısı da edir 20 yer. Təsəvvür edin ki, səhnədə 14 aktyor var, zalda 20 tamaşaçı. Lakin bu gələn 20 tamaşaçı həqiqətən də teatra gəlibsə və pantomimi izləmək istəyirsə, bu bizim uğurumuzdur. Bəxtiyar Xanızadənin çox gözəl bir sözü var: “Zalda 5 adam olsa belə. Onlar həqiqətən teatra gəlib baxırsa, bu tamaşaçı üçün tamaşa oynamaq bizim borcumuzdur. Çünki, bu 5 izləyici sabah 10 nəfər olacaq”.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı isə bildirdi ki, oktyabrın 1-dən etibarən teatrlar öz fəaliyyətini yenidən bərpa  edib. Akademik Milli Dram Teatrında tamaşaların nümayişi isə oktyabr ayının 15-dən başlayıb. Həmçinin karantin dövründə  teatrların bağlı olması, hazırkı vəziyyətə çox mənfi təsir göstərib:

“Buraya tək iqtisadi deyil, eyni zamanda yaradıcı məsələlər də aiddir. Bilirsiniz ki, həmin dövrdə aktyorlar sosial şəbəkələrdə yaxud da kütləvi informasiya vasitələrində narazılıqlarını bildirirdilər. Bu narahatlıqlar təbii ki anlaşılan idi. Çünki onlar ömür boyu səhnədə olan şəxslərdir. İki ilə yaxın müddətdə səhnədən uzaq düşən aktyor heyəti  üçün bu olduqca çətin mərhələ idi. İndi artıq Akademik Milli Dram Teatrında həftədə 3 dəfə olmaqla tamaşalar nümayiş etdirilir. Cari repertuarda olan tamaşalar da bərpa prosesindədir.  Bir müddətdən sonra teatr əvvəlki stabil rejiminə qayıdacaq. İndi hələlik həftədə 3 dəfə olmaqla nümayiş edilir”.

Mətbuat katibi onu da vurğuladı ki, Nazirlər Kabinetinin yanında Operativ Qərargahln qərarı ilə  zalın yalnız 50 faizinə bilet satışı nəzərdə tutulub. Hazırda tamaşaçılar covid pasportu və tibbi maska olmadan teatrın inzibati binasına buraxılmırlar. Həmçinin içəridə sosial məsafə də gözlənilir:

“Düşünürəm ki,  bütün bu qaydalara əməl edilsə bundan sonra teatrların fəaliyyəti ilə bağlı hər hansı məhdudiyyət olmayacaq. Maraq çox böyükdür. Ümid edirik ki, tezliklə yoluxma statistikası aşağı düşəcək. Beləcə teatr zallarının 100 faizlik dolumuna icazə verilsin. Bu da işimizi daha əlverişli qurmağa böyük kömək edər”.

Növbəti həmsöhbətimiz olan Şuşa Dövlət Musiqili Dram Teatrının baş inzibatçısı Yaşar Muradov da uzun müddət sonra fəaliyyətini bərpa edən teatrın hazırki vəziyyətindən məmnunluq ifadə etdi. Lakin o hazırda teatrların ziyana işlədiyini də dilə gətirdi:

“Pandemiyadan sonra teatrların fəaliyyətinin bərpa edilməsi hamı kimi bizim də ürəyimizcə oldu. Bu gün bütün teatrlarda olduğu kimi Şuşa Dövlət Musiqili Dram Teatrında da pandemiya qaydalarına əməl olunur. Zalımızın 50 faiz həcmində tamaşaçı qəbul edirik. İndi teatrlar ziyanla işləyir. Bilet satılır lakin zal yarıya qədər dolur.  Bilirsiniz ki, payız mövsümü ilə əlaqədar istilik təchizatı və işıq sistemi teatrların büccəsinə böyük təsir göstərir. Tamaşaçı rəğbəti, tələbi olsa da qaydalar onların tam qəbuluna icazə vermir. Hazırda 18 yaşdan yuxarı hər kəsdən covid pasportu tələb edirik. Aktyor heyəti də həmçinin vaksin olunub işlərini davam etdirirlər”.

Sonuncu həmsöhbətimiz Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin rəhbəri Pərvin Nurəliyeva oldu. O da bizlərə teatrda yaranmış vəziyyət və aktyor heyətinin məmnunluğundan bəhs etdi:

“Pandemiya bütün sahələrə olduğu kimi incəsənətdə də müəyyən fasilələrə səbəb oldu. Əsas məsələ bundan ibarətdir ki, teatrlar bağlandı və 2 ilə yaxın fasilə yarandı. Hazırda biz yaranmış  boşluğu doldurmağa çalışırıq. Pandemiyadan əvvəl taetrımızda müxtəlif tamaşaların məşqləri gedirdi. İndi də fəaliyyət bərpa edilən kimi həmin məşqlər davam etdirilir. Ən yaxın zamanda teatrımız yeni tamaşaları ilə də öz tamaşaçılarını sevindirəcək”.

Mətbuat katibi yaxın zamanlarda səhnələşdiriləcək yeni tamaşalar haqqında da oxucularımızı bilgiləndirdi. O, həmçinin qeyd etdi ki, indi həm də köhnə tamaşalar bir qədər yenilənmiş formatda teatrsevərlərə təqdim olunur:

“Yeniliklərdən, Bəhram Osmanovun quruluş verdiyi İsmayıl İmanın “Balaca yaramaz məxluq”  pyesi əsasında eyni adlı tamaşasını,  Əməkdar artist Nicat Kazımovun Şıxovun “Qağayı” pyesinə hazırladığı tamaşanı misal göstərə bilərəm. Həmçinin  gənc rejissorumuz Ayla Osmanova karonavirus pandemiyasına həsr olunmuş “Mələk” pyesinə quruluş verir. İndi həm də köhnə tamaşalarımız bir qədər yenilənmiş formatda teatrsevərlərə təqdim olunur”.

P.Nurəliyevanın fikrincə, 2 illik böyük fasilənin ardından tamaşaçıların zallara daha az sayda buraxılması aktyorları elə də ciddi şəkildə narahat etmir:

“Teatr fəaliyyət göstərmədiyi vaxt aktyorları ən narahat edən məqam işləməmək idi. Hər kəs səhnə üçün darıxırdı. İndi yeni qaydalara görə zalın yalnız 50 faizə qədəri dolur. Bununla belə bir sənət adamı üçün  tamaşaçı sayı o qədər də böyük şərt deyil. Şərt yaradıcılıqla məşğul olmaqdır. Mənə elə gəlir ki, aktyorlar fəaliyyətin bərpa olunmasından yalnız məmnunluq duya bilərlər”.

 

Oxunma sayı 220