İsrail İctimai Yayım Təşkilatı ötən şənbə günü Misirlə sərhəddə baş verən "təhlükəsizlik hadisəsi" nəticəsində öldürülən misirli polisin cənazəsinin Qahirəyə çatdırıldığını bildirib.
Hafta.az-ın "The Times of Israel"ə istinadən yazdığına görə, sərhəddəki hücumda 3 İsrail əsgərini öldürməkdə günahlandırılan misirli polisin 22 yaşlı Məhəmməd Salah İbrahim olduğu öyrənilib.
Misir-İsrail sərhədində niyə belə kədərli hadisələr yaşanır? Ümumiyyətlə, bu cür toqqu.malar tez-tezmi olur? Arxivləri vərəqləyərək bəzi hadisələri xatırladaq:
Oktyabr 1985: Misir-İsrail sərhədində misirli hərbçi Süleyman Hater tərəfindən "Ras Barka" əməliyyatı həyata keçirilib. Hater ölkəsinin sərhədlərində yerləşən 7 israillini öldürüb. Bu hadisə uzun müddət Misir ictimaiyyətinin gündəmindən düşməyib. Daha sonra Hater Hərbi Həbsxana Hospitalında intihar edib.
Noyabr 2004: İsrail tankının Misirlə Qəzza zolağı arasındakı sərhəddə atəş açması nəticəsində Misir Mərkəzi Təhlükəsizlik Qüvvələrinin üç əməkdaşı həlak olub. Misir bu hadisəni pisləyib.
İyun 2006: Misir təhlükəsizlik mənbələri İsrailin Misir sərhədi yaxınlığında iki nəfəri öldürdüyünü açıqladı. Misir ölənlərin patrul xidməti zamanı səhvən sərhədi keçərək İsrail ərazisinə girən Mərkəzi Təhlükəsizlik Qüvvələrinin iki misirli zabiti olduğunu bildirib.
Avqust 2011: İsrailin Rafahın cənubundakı Misir sərhədinə endirdiyi hava hücumunda 5 misirli sərhədçi həlak olub. Hadisədən sonra Misir Xarici İşlər Nazirliyi İsrailin müvəqqəti işlər vəkilinə zəng edərək etiraz edib və İsraildən üzr istəməsini istəyib. Qahirə hadisəni işıqlandırmaq üçün birgə rəsmi araşdırma tələb edib.
Fevral 2012: İsrail ordusu Misirlə sərhədi keçən qrupla qarşıdurmada bir əsgər və 3 silahlının öldürüldüyünü açıqlayıb.
Aprel 2012: Sinay yarımadasından İsrailin Qırmızı dəniz sahilindəki Eylat kurort şəhərinə raket atılıb. Hadisə zamanı itkilər barədə məlumat verilməyib. İsrailin baş naziri Benyamin Netanyahu “Sina yarımadası terrorçuların bazasına çevrilib” deyib.
Avqust 2012: İsrail sərhədindəki Misir təhlükəsizlik postuna naməlum hücum nəticəsində 16 misirli sərhədçi həlak olub. Silahlı şəxslər iki zirehli maşını ələ keçirərək onlardan biri ilə İsrailə daxil olublar. Daha sonra İsrail Hərbi Hava Qüvvələri onları zərərsizləşdirib.
Oktyabr 2016: "Əl-Avce" keçidi yaxınlığında qaçaqmalçılarla Misir sərhədçiləri arasında toqquşma baş verib. Münaqişə nəticəsində Misir-İsrail sərhədində qaçaqmalçılığın qarşısını almaq üçün inşa edilən İsrail divarının tikintisində çalışan israilli fəhlə həlak olub.
İyun 2023: Yuxarıda qeyd etdiyimiz kimi, İsrail ordusu Misir sərhədi yaxınlığında 3 əsgərinin güllələndiyini, 2 əsgərinin isə yaralandığını açıqlayıb. Hadisə zamanı qarşılıqlı atışma nəticəsində bir Misir əsgəri də həlak olub. Misir hadisə ilə bağlı verdiyi açıqlamada sərhəd təhlükəsizlik qüvvələrinin bir əsgərinin narkotik qaçaqmalçılarını qovarkən təhlükəsizlik səddini keçdiyini və qarşıdurma baş verdiyini bildirib.
Qeyd edək ki, 1979-cu ildə Misirlə İsrail arasında imzalanan sülh sazişindən bu yana iki ölkənin sərhədləri zaman-zaman təhlükəsizlik gərginliyinə səhnə olub. İki ölkənin şimalda Refahdan cənubda Tabaya qədər uzanan 233 kilometrlik sərhəd zolağında təhlükəsizliyi artırmaq cəhdlərinə baxmayaraq, bəzi hadisələrin qarşısını almaq mümkün olmayıb. Bu hadisələr Misirdə 25 yanvar 2011-ci il inqilabından sonra pik həddə çatıb. Bu dövrdə insanların, xüsusilə də narkotik tacirlərinin, eləcə də Sinaya sığınan bir çox “terrorçu” ünsürlərin fəaliyyəti artıb.