“Təmiz Binəqədi” layihəsi uğurla həyata keçirilib -

22:30 11.06.2015
Yazını böyüt
Yazını kiçilt

MÜSAHİBƏ

 

Qüdsi Bayramov: “Rayonda təşkil olunan bu tədbirlərin hamısında idarəmiz fəal şəkildə iştirak edib”

Bu gün I Avropa Oyunlarına start veriləcək. Raytaxtın digər rayonlarında olduğu kimi, Binəqədi rayonunda da bu beynəlxalq tədbirə hazırlıq yüksək səviyyədə aparılıb. Belə ki, Avropa Oyunları ilə bağlı rayon icra hakimiyyəti başçısının sərəncamı ilə operativ qərargah yaradılıb, yarışlara hazırlıq məqsədilə xüsusi Tədbirlər Planı işlənib. Tədbirlər Planı çərçivəsində Binəqədi rayonu ərazisində böyük abadlıq və quruculuq işləri aparılıb. Rayon ərazisində yerləşən sadə idman qurğuları bərpa edilib, yeni parklar salınıb, tarixi abidələr bərpa edilib, məhəllədaxili yollar genişləndirilib, binaların fasadları yenilənib, yolqırağı ərazilərə bəzək ağacları, kol və güllər əkilib.
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramovla müsahibəmizin əsas mövzusu da bu beynəlxalq yarışlara hazırlıqlarla bağlıdır:
- Avropa Oyunlarında Binəqədi rayonu iki idman sahəsi üzrə ev sahibliyi edəcək. İyunun 13-də keçiriləcək dağ idman velosipedi yarışları, iyunun 16-dan 22-dək Bakı Atıcılıq Mərkəzində atıcılıq üzrə keçirilən yarışlar Binəqədidə keçiriləcək. Dağ velosipedi yarışlarında 75-dən çox idmançı 2 qızıl medal uğrunda mübarizə aparacaq. Atıcılıq yarışına isə 19 qızıl medal uğrunda 330 idmançı qatılacaq.

- Rayonda idmanın vəziyyəti nə yerdədir?
- Binəqədi rayonu ərazisində 7 idman kompleksi, 2 bədən tərbiyəsi və sağlamlıq mərkəzi, 1 federasiya, 3 idman klubu, 1 şahmat, 2 futbol, 2 idman məktəbi, 8 stadion, 6 üzgüçülük hovuzu var. Rayonda bədən tərbiyəsi və idmanla məşğul olanların sayı 19872 nəfərdir. Onu da qeyd edim ki, rayon ərazisində Bakı Tennis Akademiyası, Bakı Atıcılıq Mərkəzi, Lokomotiv İdman Sağlamlıq Mərkəzi Biləcəri Sarayı, Lokomotiv İdman Sağlamlıq Mərkəzinin Biləcəri İdman Kompleksi, Binəqədi İdman Sağlamlıq Kompleksi, Azərbaycan Qolf Federasiyasının inzibati binası, “Azəryol” Voleybol Kompleksi, Bakı Futbol Klubunun Təlim Məşq Bazası, “Atrium” İdman və Əyləncə Mərkəzi, “Veqas” İdman və Sağlamlıq Mərkəzi, Turan İdman Klubu, Sparta İdman Klubu fəaliyyət göstərir.

- “Təmiz Binəqədi” layihəsi də Avropa Oyunlarına hazırlıq məqsədi güdürdü. Bu layihə çərçivəsində hansı tədbirlər görüldü?
- Bəli, bu layihə Binəqədi rayon Gənclər və İdman İdarəsi ilə YAP Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı əsasında reallaşdı. “Təmiz Binəqədi” layihəsi çərçivəsində gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlar arasında şahmat idman növünü daha da inkişaf etdirmək məqsədilə “Şahmat” dərsləri təşkil olunub. Eləcə də rayon sakinlərinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə ayrı-ayrı mədəniyyət və istirahət parklarında “Nərd”, “Şahmat” və “Dama” üzrə rayon birincilikləri keçirilib. Həmçinin, 1999-2000-ci il təvəllüdlü yeniyetmə və gənclər arasında “Mini futbol” birinciliyi təşkil olunub. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının “2014-2015-cü tədris ili müddətində Binəqədi rayon məktəbliləri arasında XXVII Spartakiadanın keçirilməsi haqqında” sərəncamına uyğun olaraq basketbol, dördnövçülük yarışları keçirilib. Eləcə də 8-ci mikrorayon ərazisindəki stadionda orta ümumtəhsil məktəblərinin 7-ci sinif şagirdləri arasında “Coca-cola Məktəbli Kuboku” turniri, Vətən Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Futbol Məktəbində uşaq və yeniyetmələr arasında futbol turniri keçirilib. Ümumiyyətlə, rayonda təşkil olunmuş bu cür idman yarışlarının sayı çox olub. Keçirilən bütün yarışların qalibləri idarə tərəfindən müvafiq dərəcəli diplomlarla təltif olunublar.

- Bəs, rayon gənclər və idman idarəsi hansı tədbirləri həyata keçirib?
- Rayonda təşkil olunan bu tədbirlərin hamısında idarəmiz fəal şəkildə iştirak edib. Həmçinin, Rayon Gənclər və İdman İdarəsi Binəqədi Rayon İcra Hakimiyyəti, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi, Bakı Şəhər Təhsil İdarəsi və “Azəryol” voleybol klubunun dəstəyi ilə Avropa Oyunlarının məktəblilər üçün təqdimatını keçirib. Həmçinin, Bakı 2015 Avropa Oyunları çərçivəsində “Şən startlar” adlı idman yarışı təşkil olunub. Biz I Avropa Oyunlarının təbliğ olunması məqsədilə rayonun orta ümumtəhsil məktəblərində mütəmadi olaraq tədbirlər həyata keçirmişik. Eyni zamanda, YAP Binəqədi rayon təşkilatı, rayon icra hakimiyyəti ilə birgə “Bakı 2015 birinci Avropa Oyunlarının sosial şəbəkələrdə təbliği” mövzusunda seminar keçirmişik. Gənclər arasında bir sıra tədbirlər və görüşlər, dəyirmi masalar da I Avropa Oyunlarına hazırlıq çərçivəsində görülən işlərin siyahısına daxildir.

 

 

rubrikasından digər xəbərlər