“Tərtər işi” yenidən açılır. Xəbər verildiyi kimi, istintaq qrupu tərəfindən “Tərtər işi” üzrə zərərçəkmiş kimi tanınan şəxslər və işgəncələrə məruz qaldığı iddia edilən hərbi qulluqçular artıq Baş Prokurorluğa dəvət olunur. “Tərtər işi” müxtəlif aspektlərdə təhlil olunur.
Maraqlıdır, hüquqları pozulan hərbçilərin yenidən bu sistemə qayıtması nə dərəcədə real ola bilər, qanunvericilik buna imkan verirmi?
Bu barədə hafta.az-a danışan hüquqşünas Vüqar Dadaşov “Tərtər işi” ilə bağlı yeni yaradılan istintaq qrupu və hüquqları pozulan hərbçilərin yenidən bu sistemə qayıtmasının hüququ reallıqlarına diqqət çəkərkən maraqlı nüanslara diqqət şəkib.
Hüquqşünas bildirib ki, cinayət məsuliyyətindən azad edilmiş, yaxud cinayət işinin aparılmasına xitam verilmiş, bəraət qazanmış şəxslərin iş fəaliyyətinin bərpası qanunvericiliklə müəyyən olunur. Bu insanın cinayətinin hərbi xidmətdə və yaxud başqa istehsalat sahəsində baş verməsinin heç bir fərqi yoxdur. Hərbi xidmət də özü bir əmək fəaliyyəti sayılır.
“Əgər vətəndaşın, hərbçinin fəaliyyətində hər hansı bir qanun pozuntusu olmayıbsa, onun barəsində qaldırılan cinayət faktı öz təsdiqini tapmayıbsa, təbii ki, o, hərbi xidmət də daxil olmaqla vəzifəsinə qaytarıla bilər.
Əgər vətəndaş hər hansı bir dövrdə həbsdə olubsa və təqsirli şəxs kimi ona elan olunmuş cinayət öz təsdiqini tapmayıbsa, həmin şəxs həbs dövründə itirilmiş əmək haqqını tam şəkildə və eləcə də maddi və mənəvi ziyanın tələbini qoya bilər. Bu təzminatın ödənilməsi də qanunvericiliyimizdə öz əksini tapıb. Son dövrlər məhkəmə praktikası da göstərir ki, məhkəmə vətəndaşlarımızın tərəfində, elə həbçilərimizin tərəfində olur və məsələ müsbət həll olunur”.
V.Dadaşov hesab edir ki, “Tərtər işi” adını alan məsələ ilə bağlı konkret fikir bildirmək hələ ki, mümkün deyil. Çünki bu iş mürəkkəbdir və bilinməyən qaranlıq tərəfləri var.
“Yeni detalların, halın ortaya çıxması, qanunvericilikdə cinayət işinin yenidən, təkrar baxışına icazə verir. Və bu gün sevindirici haldır ki, “Tərtər işi” də yenidən məhkəməyə qaytarılıb. Məsələnin bu şəkildə yenidən açılmasını ancaq alqışlamaq olar. Müsbət haldır ki, dövlət və prokurorluq bu məsələnin vacibliyini dəyərləndirib və təkrar istintaqın aparılmasına qərar verib. Və indi biz nəticəni gözləməliyik”.