Tərtərdə şəhid Rəşad Mirzəlinin xatirəsinə bulaq istifadəyə verilib

23:00 26.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Tərtər rayon sakini Rəşad Mirzəlinin doğum günündə onun xatirəsinə inşa edilmiş bulağın açılışı olub.

Hafta.az xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərliyi, şəhid ailələri və qazilər, müharibə veteranları, kənd sakinləri əvvəlcə Hacıqərvənd kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül-çiçək dəstələri qoyublar. Sonra tədbir iştirakçıları şəhid Mirzəli Rəşadın xatirəsinə inşa edilmiş bulağın ətrafına toplaşıblar. Mərasimdə ötən il sentyabrın 27-də başlanan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıb. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi, böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd olunub. Bildirilib ki, Vətən müharibəsində Tərtər rayonuna 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Ancaq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər verilsə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.

Tədbir iştirakçıları kənd məzarlığında Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, ruhlarına dualar oxunub.

Sonra şəhid Rəşad Mirzəlinin evində valideynləri və ailəsi ilə birlikdə onun keçdiyi şərəfli döyüş yolundan, Vətən müharibəsində əsgər və zabitlərimizin qəhrəmanlığından danışılıb. Bildirilib ki, Mirzəli Rəşad Hafiz oğlu 1995-ci il mayın 26-da Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub. Ötən il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edliməsində iştirak edib elə həmin istiqamətdə də şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.