TIR-lar Türkiyə-Naxçıvan sərhədində 13 kilometrlik növbə yaradıb

09:29 07.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyədən Naxçıvana, oradan isə İran, Azərbaycan və Rusiyaya gələn yük maşınları – TIR-lar Dilucu Gömrük Qapısında sıxlıq yaradıb.

Hafta.az-ın yazdığına görə, Yeni il gecəsi qonşu ölkələrə gələn yük maşınlarının növbəsi 13 kilometri keçib.

Yük maşını sürücüləri maşınlarını yol kənarına çəkərək ehtiyaclarını qarşılayıb və uzun gözləmələrinə hazırlaşıblar.

Yeni il gecəsi və dekabr ayı ixracatına görə qapının təxminən bir həftə məşğul olacağı təxmin edilir.

TIR sürücülərindən Kahraman Bozkurt AA müxbirinə xaricə getmək üçün növbə gözlədiklərini deyib. Dayanacaq yeri olmadığı üçün yük maşınlarını yol kənarında saxlayaraq ehtiyaclarını qarşıladıqlarını izah edən Bozkurt, "Gömrüyə neçə günə çatacağım bəlli deyil. Neçə gündür yoldayam. Hazırda 13-cü kilometrdə dayanmışıq, bir həftəyə çata biləcəyimizi düşünürəm. Azərbaycana, oradan da İrana keçəcəyik" deyib.

Sürücülərdən Serhat Boz günlərlə növbə gözləyəcəklərini bildirərək, "Əvvəlcə Azərbaycana, oradan da İran və Rusiyaya gedəcəyik. Təxminən 13-14 kilometr növbə var. Növbədən asılı olaraq gömrük işini, bir həftəyə, bəlkə də 10 günə başa çatdırarıq” deyə bildirib.

İranlı sürücü Səid Mahmudi İstanbuldan yük alıb İrana getmək üçün yola düşdüyünü bildirib və deyib: "Hazırda gömrük məntəqəsindən 13 kilometr uzaqdayıq. Nə vaxt keçəcəyimizi bilmirik. Bəlkə 4 günə, bəlkə də 5 günə. Amma narahat deyilik, çünki yemək-içməyimiz var”.