Tramp Vaşinqtonda fövqəladə vəziyyət elan edib 

12:05 12.01.2021 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp yeni seçilmiş prezident Cozef Baydenin yanvarın 20-də keçiriləcək inauqurasiyası ərəfəsində təhlükəsizliyin təmin olunması ilə əlaqədar Vaşinqtonda fövqəladə vəziyyət rejimi elan edib və yerli hakimiyyət orqanlarına federal yardım göndərib.

Hafta.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu barədə Ağ evin yaydığı sənəddə deyilir:

“Prezident Donald Tramp paytaxt Kolumbiya dairəsində 2021-ci il yanvarın 11-dən 24-dək fövqəladə vəziyyət rejimi elan edib və 59-cu prezident inauqurasiyası ilə bağlı yaranan fövqəladə vəziyyətə operativ reaksiya üçün əlavə federal yardım göndərilməsi barədə göstəriş verib”.

Məlumatda, eyni zamanda qeyd olunur ki, yanvarın 11-də ABŞ paytaxtının meri Müriel Bouzer Konqresdə iğtişaşlardan sonra baş verə biləcək potensial təhdidlərlə əlaqədar Vaşinqton administrasiyasının rəhbərinə müvafiq müraciət ünvanlayıb.

Bir qədər əvvəl ABŞ hakimiyyəti Cozef Baydenin yanvarın 20-də Vaşinqtonda keçiriləcək inauqurasiyası ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə planlaşdırılandan altı gün əvvəl başlamaq barədə qərar qəbul edib. Bununla əlaqədar Ağ ev və Konqresin yaxınlığında yerləşən administrativ komplekslərinin, mağazaların və iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırıla bilər. ABŞ Milli Qvardiyası isə paytaxtda təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə 15 min hərbçi cəlb edə bilər.

Qeyd edək ki, Birləşmiş Ştatların Prezidenti Cozef Baydenin və yeni seçilmiş vitse-prezident Kamala Harrisin inauqurasiyası yanvarın 20-də yerli vaxtla günorta saatlarında Kapitoli binasının pilləkənlərində baş tutmalıdır.