“Artıq Trampa qarşı impiçment prosesi başladılması haqda fikirlər səslənir. Bu, mümkündür və mən istisna etmirəm ki, bu təşəbbüs hansısa bir mərhələdə, demokratlar bir yana məhz respublikaçıların özləri tərəfindən gələ bilər. Məsələ ondadır ki, 2026-cı ilin noyabrında ABŞ Konqresə və Senatına aralıq seçkilər keçiriləcək. Və həmin seçkilərdə respublikaçıların uduzmaq təhlükəsi var. Həmin təhlükə getdikcə artır”.
Bunu hafta.az-a açıqlamasında ABŞ prezidenti Donald Trampın daxili və xarici siyasət sahəsində yol verdiyi ciddi səhvlərə görə impiçmentə məruz qalması ehtimalından danışan siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu söyləyib.
“Belə getsə, Respublikaçıların özü tərəfindən Trampa qarşı fraksiyalar yaranacaq. O da artıq görünməkdədir- cücərtiləri var. Əgər Respublikaçılar Partiyasının daxilində hər hansı bir qrup senatorlar, yaxud Nümayəndələr Palatasının üzvləri impiçment təşəbbüsü irəli sürərlərsə, bu o deməkdir ki, Tramp bitəcək. Yəni respublikaçıların özləri ona qarşı impiçment prosesini başlada bilər. Təbii ki, Demokratlar Partiyasının nümayəndələri də birmənalı şəkildə bunu dəstəkləyəcəklər. Amma görək, respublikaçıların öz partiyalarının üzvü olan hazırkı ABŞ prezidentinə qarşı impiçment təşəbbüsü qaldırmağa cəsarətləri çatacaqmı? Bu bir qədər çətin sualdır”, - deyə analitik diqqətə çatdırıb.