Trampa sui-qəsddə təhlükəsizlik qüvvələrinin səhlənkarlığı ehtimalı da var - Ekspert

18:37 15.07.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

ABŞ-nin eks-prezidenti və prezidentliyə namizəd Donald Trampa son sui-qəsd zamanı damından atəşin açıldığı сəmi 130 metr məsafədəki binanın öncədən ciddi yoxlanılmaması, şahidlərdən birinin damda şübhəli şəxsi gördüyünü söyləsə də, təhlükəsizlik qüvvələrinin bunu qulaqardına vurması haqda məlumatlar sabiq dövlət başçısının təhlükəsizliyinə cavabdeh olan Məxfi Xidmət tərəfindən səhlənkarlıq ehtimallarını da ortaya çıxarır. Bəs görəsən, belə ehtimallar nə dərəcədə həqiqətə uyğundur?

Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu mövzu ilə bağlı hafta.az-a açıqlamasında bunları söyləyib.

“İlkin məlumatlara əsaslansaq, Trampa son sui-qəsd hadisəsi zamanı, əlbəttə, təhlükəsizlik qüvvələrinin səhlənkarlığı görünür. Və qeyd etdiyiniz kimi, şahidlərdən biri damda şübhəli şəxsi gördüyünü və bunu ərazidəki mühafizə rəisinə söylədiyini, lakin onun buna laqeyd yanaşdığını da bildirir. Ola bilsin ki, doğrudan da, həmin şəxsin dediklərinə diqqət yetirməyiblər. Çünki adətən təhlükəsizlik qüvvələri siyasətçilərin tərəfdarlarının belə çox emosional, şübhəli davranışlarını təbii qəbul edirlər. Amma, əlbəttə, hər bir halda bu, səhlənkarlıqdır...

Məsələ burasındadır ki, ABŞ-də prezidentliyə namizədin mühafizəsini prezidenti mühafizə edən eyni xidmət həyata keçirir. Və həmin qurumun adı ingiliscə “Secret Service”, yəni Məxfi Xidmətdir. Bu xidmətin əsas vəzifəsi dövlət rəsmilərinin, əsasən də prezidentin, eləcə də prezidentliyə namizədlərin mühafizəsidir. Sözüm ondadır ki, bu, kifayət qədər ciddi qurumdur. Bir sözlə, son hadisə zamanı təhlükəsizlik qüvvələrinin səhlənkarlığı haqda ittihamlar səslənir. Ancaq onların nə qədər əsaslı olmasını zaman və istintaq göstərəcək”.

Həmsöhbətimiz onu da əlavə edib ki, Amerikada kimisə gülləbaran etmək, demək olar ki, adi bir haldır. və belə olaylar ölkədə, az qala, hər gün baş verir. Bunun da əsas səbəbi ondadır ki, təxminən 338 milyonluq ölkə əhalisinin əlində aralarında müxtəlif tipli, o cümlədən avtomat tüfənglərin də olduğu 400 milyondan çox silah var.

“Bu amili də nəzərə alsaq, hələlik ortada olan sui-qəsdçinin hadisədən öncə özünü açıqlayaraq “Mən respublikaçıyam, amma Trampa nifrət edirəm” deməsidir. O, respublikaçıdırmı, yoxsa sadəcə icraçıdırmı, bunu artıq təhqiqat və zaman göstərəcək. Çünki hadisə mahiyyət etibarilə son dərəcə təhlükəli olduğuna görə hesab edirəm ki, istər FTB, istərsə də digər qanuni təhqiqat orqanları ətraflı araşdırmalar aparacaqlar”, -deyə ekspert vurğulayıb.