Trampdan zərbə: Rusiya nefti 60 dollardan aşağı düşdü

09:05 08.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tramp yeni qlobal tarif müharibəsinin başladığını elan etdikdən sonra dünya birjaları sürətlə dəyər itirdi və neft qiyməti kəskin şəkildə düşdü. Xüsusilə Rusiyanın Ural tipli nefti 60 dollar/barel olan sanksiyalardan da aşağı enib. Aprelin 5-də Ural markalı neft 58 dollardan satılıb.

Hafta.az-ın yazdığına görə, bu azalma Rusiyanın 2025-ci il büdcəsində nəzərdə tutulan 69,7 dollarlıq orta qiymət proqnozundan xeyli aşağıdır. Bununla yanaşı, rublun kursunun gözlənildiyindən də möhkəmlənməsi büdcə gəlirlərinə də mənfi təsir göstərir. Mətbuata danışan maliyyə eksperti İqor Yuşkovun fikrincə, Rusiya ya rublu zəiflətməli, ya da xərclərini azaltmalıdır.

Trampın bəyanatından sonra Çin də sərt reaksiya verib və ABŞ məhsullarına 34 faiz rüsum tətbiq edib. Bu qarşılıqlı addımlar təkcə maliyyə bazarlarını deyil, həm də enerji qiymətlərini pozub. Brent markalı neftin barreli 65 dollardan aşağı düşdüyü üçün beynəlxalq investisiya bankları proqnozlarını aşağı salıb. Goldman Sachs 2025-ci ildə Brent neftinin 69 dolları keçməyəcəyini və 2026-cı ildə 62 dollara düşə biləcəyini proqnozlaşdırır. OPEC+ ölkələrinin hasilatı artırmaq qərarı da qiymətlərə təzyiq göstərir. Rusiyanın hasilat kvotası may ayından etibarən gündəlik 9,08 milyon barrelə qədər artırılıb.

Neft gəlirlərindən çox asılı olan Rusiya büdcəsi ilin birinci rübündə ciddi gəlir itkisinə məruz qalıb. Təkcə mart ayında 23 milyard rubl az gəlir əldə edilib. Neftin qiyməti aşağı olanda və rubl güclü olanda dövlətin rublla ifadəsində qazancı azalır. Üstəlik, ölkənin neft və qazdan əldə etdiyi ümumi gəlirlər (vergilər, gömrük, NDS, mənfəət vergisi və dividendlər daxil olmaqla) büdcənin təxminən üçdə ikisini təşkil edir. Hələlik hökumət bu boşluğu Milli Rifah Fondundakı 3,3 trilyon rubl likvid ehtiyatı ilə doldurmağı planlaşdırır. Lakin ekspertlərin fikrincə, bu ehtiyat bir il davam edə bilər.

Təhlildə deyilir: "Tarixi təcrübəyə görə, aşağı neft qiymətlərinin Rusiyanın xarici siyasəti üçün də nəticələri var. 1980-ci illərdə Reyqan dövründəki oxşar eniş Sovetlərin Əfqanıstandan çıxması ilə nəticələndi. 2015-ci ildə qiymətlərin 40 dollardan aşağı düşməsi Rusiyada Minsk razılaşmalarını imzalayanda təsirli oldu. Bu, uzunmüddətli perspektivdə xarici siyasətdə daha yumşaq addımların atılmasına zəmin yaradacaq, lakin qısa müddətdə prioritet büdcə balansının qorunması olacaq”.