“Trampın tarif düzənləmələri, bir növ, idarə etdiyi super gücün imperial maraqlarını baltalayır…”

12:19 08.04.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Görəsən, Birləşmiş Ştatların ikinci dönəmdə iki aydan çoxdur hakimiyyətdə olan prezidenti Donald Trampın son vaxtlar başlatdığı iqtisadi addımlara “tarif müharibəsi” demək doğrudurmu? Əgər Rusiya, Şimali Koreya, Kuba kimi avtoritar, diktatura rejimlərinə qarşı bu tarif sanksiyaları tətbiq edilmirsə, bu əslində elə Putinin, Rusiya imperiyasının əlinə oynayan və ilk növbədə ABŞ-ın öz iqtisadiyyatının sarsılmasına yönəldilmiş bir təxribat deyilmi?.. Yoxsa gerçəklikdə bunların başqa səbəbi var?..

Mövzu ilə bağlı hafta.az-a açıqlamasında siyasi şərhçi Heydər Oğuz bunları söyləyib:

“Trampın tarif düzənləmələrinin ABŞ-ın və Avropanın maraqlarına zərər vurması bir həqiqətdir. Tramp bu addımı atmaqla, bir növ, idarə etdiyi super gücün imperial maraqlarını baltalayır. Başqa sözlə desək, öz dünya hegemoniyasından imtina edir. Xüsusilə də onun Avropa ölkələrinə tətbiq etdiyi yüksək faizli tarif rüsumları Qərb ölkələrini də zəiflədir. Bununla belə, Trampın yeni gömrük rüsumu düzənləmələrində Rusiya, Kuba və Şimali Koreya kimi ölkələrin yer almaması ABŞ prezidentinin onlara duyduğu hörmətdən qaynaqlanmır. Məsələ burasındadır ki, ABŞ-la həmin ölkələr arasındakı ticarət əlaqələri olduqca zəifdir və əsasən ABŞ onlardan strateji məhsullar alır. Məsələn 2021-ci ilə qədər ABŞ – Rusiya arasında ticarət dövriyyəsi 36 milyard dollar idi. Ukrayna müharibəsi başlayandan sonra bu ticarət əlaqələri durma nöqtəsinə gəldi. 2024-cü ilin statistikasına görə, iki dövlət arasındakı ticarət dövriyyəsi 3.5 milyard dollara geriləmişdi. Yəni hardasa 10 dəfə azalmışdı. Üstəlik, ABŞ Rusiyadan uranium, xüsusi tərkibli kübrə və s. kimi xammallar alır. Bunlara tətbiq edilən gömrük rüsumlarının artırılması ABŞ-da sənayenin bəzi sahələrinin zəifləməsi ilə nəticələnə bilər. Görünür, bu səbəbdən də ABŞ Rusiyanı qara siyahıya salmayıb. O ki qaldı Şimali Koreya və Kubaya, bu ölkələrlə ABŞ arasında hər hansı ticarətin olmasına inanmıram. Olmayan bir şeyə nə rüsum?..”