Türkiyənin Qars şəhərində qarapapaq türklərinin simpoziumu, həmçinin aşıq sənətinin görkəmli nümayəndələri Aşıq Ələsgər və Aşıq Şenlikin irsinə həsr olunmuş şənliklər keçirilib.
Hafta.az xəbər verir ki, Dünya Qarapapaq Türkləri Fondu (KARPAT) və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) tərəfindən birgə təşkil edilən mədəni proqramda Türkiyə, Azərbaycan, Gürcüstan və İrandan olan qarapapaq türklərinin nümayəndələri, alimlər və aşıqlar iştirak ediblər.
İştirakçılar qarapapaq türklərinin tarixi, mədəni və ədəbi irsini müzakirə etmək, habelə xalq ozanları Aşıq Ələsgər və Aşıq Şenlikin xatirəsini anmaq üçün Çıldır turizm rayonunda toplaşıblar. Burada Qarapapaq türklərinə həsr olunmuş bir neçə nəşr təqdim edilib.
KARPAT fondunun direktoru Erkan Koçalı müasir rəqəmsal texnologiyaların və sosial medianın inkişafı fonunda mədəni irsin yox olması təhlükəsinə diqqət çəkərək iştirakçıları mədəniyyətə, adət-ənənələrə dəyər verməyə çağırıb:
“Övladlarımıza hansı mirası qoyacağıq? Mədəniyyətimizi gənc nəslə necə ötürə bilərik?” suallarına aydın cavab vermək vacibdir”.
Fondun rəhbəri qeyd edib ki, Azərbaycan, Gürcüstan, İran və Qazaxıstanda tədqiqatları davam etdirən 13 alimdən ibarət qrup qarapapaq türklərinin irsini dörd dildə yazılan kitablarda əks etdirməyə çalışıb:
“Türk, Azərbaycan, fars və gürcü dillərində minlərlə kitab oxucularını gözləyir. Onlar Türkiyənin Sivas, Amasiya, Tokat, Ağrı və qarapapaq türklərinin yaşadığı digər bölgələrin sakinlərinə təqdim olunacaq”.
TADİV-in rəhbəri professor Aygün Attar Şərqi Anadolunun zəngin tarixi irsinə diqqət çəkərək Qarsın türk xalqları üçün dəyərini qeyd edib. O vurğulayıb:
“Qars Anadolunun və Azərbaycanın ruhunu əks etdirən bir yerdir, burada İrəvan xanlığı da daxil olmaqla bütün bölgənin tarixi və irsi hiss olunur”.