Bu gün İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət başçılarının VIII Zirvə Toplantısı keçirilir. Toplantıda qurumun adının dəyişdirilməsi gözlənilir.
“Haber Global” Türk Şurasının bundan sonra Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyətinə davam edəcəyi barədə xəbər yayıb. Zirvənin gündəm mövzuları ilə yanaşı, keçiriləcəyi yerin də əhəmiyyətliliyi önə çəkilib. Belə ki, türk liderlərinin zirvəsinin Demokratiya və Azadlıqlar Adasında baş tutması xüsusilə vurğulanıb.
Zirfə toplantısının əhəmiyyəti və inkişaf xətti barədə hafta.az-a danışan politoloq Qabil Hüseynli bu toplantının təşkilinin yüksək dəyərləndirib.
Onun sözlərinə görə, müstəqil türk dövlətlərinin vahid bir strukturda, Türk Dövlətləri Birliyində birləşməsi tarixi hadisədir. Politoloq bildirib ki, Türk Şurası formatında fəaliyyət göstərən bu zirvə əvvəl sırf məsləhət xarakterli və 4 dövlətin iştirak etdiyi bir qurum idisə, indi Özbəkistanın və Türkmənistanın da qatılması ilə üzvləri artan bu qurum, bir Türk Birliyi kimi fəaliyyət göstərəcək.
“Türk dövlətlərinin yeni bir strukturu formalaşır. Bu zirvə Avropa Birliyinə bənzər bir birliyə çevrilmə hədəfini götürüb. Bundan sonra dövlətlərin iqtisadi əlaqələri güclənəcək. Türk Dövlətləri Birliyi öz aralarındakı bir sıra ümumi cəhətləri formalaşdırmaq üçün ortaq dil, əlifba, bir-biri ilə sıx əlaqələndirilmiş bazar iqtisadiyyatına əsaslanan və sıx əlaqələrlə bağlı olan ortaq iqtisadiyyatın qurulması xəttini götürüb. Ola bilər ki, gələcəkdə Türk Dövlətləri Birliyinin hərbi-siyasi sahədə də yeni bir forması gündəmə gəlsin”.
Q.Hüseynli qeyd edib ki, tarixdə ilk dəfədir ki, türk dövlətlərinin belə bir Birliyi formalaşır. Onun sözlərinə görə, bu Birlik əvvəl türk dövlətləri arasında mədəni əlaqələrin, ortaq mədəniyyətin, ortaq dilin formalaşması istiqamətində fəaliyyət göstərib, inkişaf edib. İndi isə dünya arenasında siyasi əlaqələrin bir-biri ilə koordinasiyasını təşkil edəcək və nəticə etibarilə yeni güc mənbəyinə çevriləcək.
Politoloq bu nöqteyi - nəzərdən bu gün İstambulda açılışı olacaq Türk Dövlətləri Birliyinin çox böyük əhəmiyyətinin olduğunu söyləyib. Və bu Zirvə prosesinin gələcəkdə daha geniş, Konfederativ formada inkişafını inkar etməyib.