Türk Dövlətləri Təşkilatı qlobal gücə çevrilir - Rəşad Bayramov

15:10 03.11.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Türk dünyası ölkələrinin güclənməsi, nüfuzunun artması Türk dövlətlərinin bir təşkilat altında birləşməsi təbii olaraq hər bir üz dövlətə beynəlxalq səviyyədə də üstünlüklər qazandırır. Bu təşkilat üzv ölkələrə xarici siyasətlərində harmoniyanı daha da gücləndirmək və getdikcə beynəlxalq məsələlərdə vahid qrup kimi çıxış etmək imkanı yaradıb”.

Bunu Hafta.az-a politoloq Rəşad Bayramov Astana Zirvə toplantısı ilə bağlı şərhində bildirib.

R.Bayramov Azərbaycanın türkdilli ölkələrlə əlaqələri, beynəlxalq səviyyədə qazandığı üstünlüklər, Zirvənin regiona, Zəngəzura verdiyi vədlərə diqqət çəkib.

Onun sözlərinə görə, bu gün türk dövlətləri özünəməxsus şəkildə inkişaf edən, əhatə dairəsi və miqyası getdikcə genişlənən əməkdaşlığı dəstəkləmək üçün böyük nailiyyətlərə imza atırlar. Əgər 2018-ci ildə Türk dövlətləri arasında əməkdaşlıq prosesində iştirak edən dövlətlərin sayı dörd idisə bu gün bu ölkələrin sayı artıq səkizə çatıb.

“Türk Dövlətləri Təşkilatı yarandıqdan sonra Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı, İstanbul və Səmərqənd olmaqla doqquz zirvə görüşü keçirib. Bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə Görüşündə edilən  “Türk Əsri” çağırışında iqtisadiyyat, ticarət, nəqliyyat və gömrük sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsi və birgə layihələrin təsdiqlənəcəyi gözlənilir. Sammitin yekununda dövlət başçıları bir sıra müvafiq qətnamələrlə yanaşı, Astana Aktını və Astana Sammiti Bəyannaməsini imzalayacaqlar. Əslində zirvə görüşü həm də üzv dövlətlər və müşahidəçilər arasında çoxtərəfli əməkdaşlığın əsas aspektlərini nəzərdən keçirməyə, eləcə də regionda və onun hüdudlarında baş verən siyasi və iqtisadi hadisələr barədə fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaradır”.

R.Bayramov bildirib ki, keçirilən görüş üzv dövlətlərlə yanaşı dünya miqyasında da diqqətlə izlənilir. Çünki TDT artıq qlobal güc mərkəzinə çevrilmə istiqamətində sürətlə irəliləyən bir təşkilata çevrilib.

“TDT Azərbaycan xalqı ilə güclü həmrəylik nümayiş etdirdi, onun Qarabağı işğaldan azad etməsini və bu ərazilər üzərində suverenliyini bərpa etməsini dəstəklədi. Eyni şəkildə TDT-nin Türkiyənin Suriyanın şimalında apardığı “Sülh çeşməsi” əməliyyatını dəstəkləməsini, Kipr türk xalqının dinc, siyasi cəhətdən bərabər, təhlükəsiz və firavan gələcək arzuları ilə həmrəy olduğunu bildirməsini, Qazaxıstanda baş verən “yanvar hadisələri” zamanı Qazaxıstan xalqına və siyasi liderinə yüksək həmrəylik nümayiş etdirməsini, Qırğızıstanın Tacikistanla sərhəddəki vəziyyətin sülh yolu ilə həlli istiqamətində səylərinə göstərilən dəstəyi, Suriyada böhranın davamlı siyasi həllinin tapılması üçün “Astana Prosesi”nə verilən töhfələri, Türkiyənin Rusiya-Ukrayna müharibəsinə son qoyulması, əsirlərin dəyişdirilməsi və “Taxıl dəhlizi”nin açılması istiqamətində vasitəçilik səylərinin digər türk dövlətləri tərəfindən də dəstəklənməsini və bir çox digər məsələlər bu prosesin yol xəritəsini cızır”. 

Ekspert qeyd edib ki, Azərbaycan nəqliyyat sektorunda da TDT-da birləşən ölkələrə geniş imkanlar təqdim edir.

“Respublikamız son illərdə özünün nəqliyyat-logistika infrastrukturunu əhəmiyyətli dərəcədə müasirləşdirməyə nail olub. Respublikamızın ərazisindən həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizləri keçir. Azərbaycanın moderatorluğu ilə yaradılan Bakı-Tbilisi-Qars dəmir yolu Türkdilli dövlətlər arasında inteqrasiyanın dərinləşməsinə çox mühüm töhfə verir. Respublikamızın təşəbbüsü ilə yaradılan bu nəqliyyat bağlantısı Asiyanı Avropa ilə birləşdirən ən qısa marşrutdur. Bu baxımdan TDT üzvü olan ölkələrin hər biri üçün Zəngəzur dəhlizi də xüsusi əhəmiyyət kəsb edir. Çünki bu dəhliz region dövlətləri ilə yanaşı, Türkdilli ölkələr arasında da daşımaların həcminin artırılması üçün geniş imkanlar açacaq və faktiki olaraq TDT üzv ölkələrini iqtisadi baxımdan birləşdirəcək.

Bu gün Asiyadan Avropaya uzanan ticarət yollarının üzərində yerləşən türk dövlətləri üçün tarixi bir fürsət formalaşıb. Baş verənlər göstərir ki, onlar bu fürsətdən birlik və əməkdaşlığı daha da gücləndirmək üçün də istifadə etməyə çalışırlar. Bu çalışmalar fonunda Astana zirvəsində qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsini nəzərdə tutan sənədlərin imzalanacağı şübhəsizdir”.

Siyasət rubrikasından digər xəbərlər