“Türk dövlətlərinin Cənubi Kiprdə səfirlik açması münasibətlərimizə əngəl olmayacaq” – Erhan Arıklı

09:05 04.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) ictimai işlər və nəqliyyat naziri, Dirçəliş Partiyasının (YDP) sədri Erhan Arıklı türk cümhuriyyətlərinin Cənubi Kiprdə səfirliklərinin açılması ilə bağlı açıqlama verib. Nazir Arıklı bu vəziyyətin KKTC ilə münasibətlərdə maneə yaratmadığını vurğulayıb.

Hafta.az-ın yazdığına görə, Cənubi Kiprdə səfirlik açan ölkələrin xarici siyasətdə böyük güclərə bağlı olduğuna diqqət çəkən Arıklı deyib: "Bu türk cümhuriyyətləri hələ də xarici siyasətdə böyük güclərdən asılıdırlar. Cənubi Kipr Avropa İttifaqına (Aİ) üzv olması ilə bu ölkələrə ciddi təzyiq göstərə bilər”.

Digər tərəfdən, Arıklı Qırğızıstan prezidenti Sadır Çaparovun KKTC prezidenti Ersin Tatarı Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısına "Şərəf Qonağı" kimi dəvət etməsindən sonra Aİ-nin tətbiq etdiyi sanksiyalara diqqət çəkib.

Nazir Qırğızıstanla bağlı vəziyyəti bu açıqlama ilə dəyərləndirib: “Qırğızıstanda fərqli lider olsaydı, bu gün Cənubi Kiprdə səfirlik açan türk cümhuriyyətləri arasında olardılar”.

TDT-nin daimi üzvü olan Qazaxıstan 2025-ci ilin əvvəlində ilk dəfə Cənubi Kiprə səfir təyin edib.

KKTC İnsan Haqları Dərnəyinin sədri Hasan Yılmaz İşık Qazaxıstanın Cənubi Kiprdə səfirlik açmasına münasibət bildirib, bu vəziyyətin TDT-nin birlik ruhuna və maraqlarına zidd olduğunu müdafiə edib.

"Bu vəziyyət 1960-cı ildə Kipr Respublikasında Kıbrıs Türk xalqının ortaqlıq hüquqlarını və əsas insan haqlarını inkar edən bir rəftardır" deyən İşık, KKTC səlahiyyətlilərini bu yanlış siyasətlə bağlı Qazaxıstan hökumətinə etiraz bildirməyə çağırıb.

Qazaxıstandan sonra Türkmənistan da Cənubi Kiprdə səfirlik açıb. Yunanıstan xarici işlər naziri Konstantinos Kombos Türkmənistanın Cənubi Kiprə təyin olunmuş ilk səfiri ilə martın 31-də görüşüb. Nazir açıqlamasında iki ölkə arasında ilk səfirin təyin olunmasını ikitərəfli münasibətlərdə mühüm dönüş nöqtəsi kimi qiymətləndirib.