Türk dövlətlərinin ÜDM-i 2030-cu ildə 3 TRİLYON DOLLARI KEÇƏCƏK

12:35 11.08.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

AKP sədrinin müavini Kürşad Zorlu 2024-cü ildə 2,1 trilyon dollar olan türk dövlətlərinin ümumi ÜDM-nin 2030-cu ildə 3 trilyon dolları keçəcəyinin gözlənildiyini bildirərək, bu iqtisadi artımın Türk Dövlətləri Təşkilatına üzv olan ölkələri qlobal iqtisadiyyatda 8-ci yerə yüksəldəcəyini vurğulayıb.

Hafta.az-ın yazdığına görə, bu gün Ankarada keçirilən “Türk Dünyası ilə Əlaqədar Qurum və Təşkilatların Məşvərət Toplantısı”nda danışan Kürşad Zorlu bildirib ki, son 22 ildə türk dövlətləri arasında iqtisadi və ticari əlaqələr xeyli inkişaf edib. O, türk dövlətlərinin xarici ticarət həcminin 6 dəfə, dünya ticarətindəki payının isə 70 faiz artaraq 2024-cü ildə 2,42 faiz təşkil etdiyini bildirib. Türkiyənin türk ölkələrinə 2002-ci ildə 2 milyard dollarlıq ixrac və idxalın həcmi 2024-cü ildə 26 milyard dollara yüksəlib. Türk dövlətləri arasında ticarət həcmi isə 70 milyard dollara çatıb.

İnvestisiyalar da artır. 2002-ci ildə Türkiyədə heç bir iştirakı olmayan türk dövlət kapitallı şirkətlərin sayı 2025-ci ilin martına 5405-ə çatıb.

Zorlu terrorizmlə mübarizədə qətiyyətli addımların türk dünyası ilə davamlı iqtisadi, mədəni və siyasi əməkdaşlığın qurulması üçün strateji əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, terrordan təmizlənmiş Türkiyə türk dünyası daxilində daha güclü inteqrasiyaya yol açacaq.