Erməni təxribatlarına cavab bu yolla verilməlidir
Son günlər Azərbaycan-Ermənistan sərhəddində vəziyyət gərginləşib. Daha doğrusu, erməni tərəfi ordusunda yaşanan özbaşınalıqları, ölüm hallarını gizlətmək üçün Azərbaycan Ordusunu hədəf kimi göstərir. Siyasi müstəvidə isə, sərhədlərin müəyyənləşdirilməsi, mübahisəli məqamların konstruktiv danışıqlar yoluyla həllinə dair rəsmi Bakının çağırışlarına hədələrlə cavab verir. Dünən isə, Şuşada, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqeləri istiqamətində erməni silahlılarının havaya doğru təxribat xarakterli atəş açdığına dair Müdafiə Nazirliyi bəyanat yayıb. Bu vəziyyət yenidən Dağlıq Qarabağda, işğaldan azad olunmuş ərazilərimizdə Türkiyə hərbiçilərinin də yerləşdirilməsi məsələsini gündəmə gətirib.
Xatırladaq ki, 10 Noyabr Bəyannaməsindən sonra Rusiya sülhməramlıları ilə paralel Türkiyə sülhməramlılarının da Azərbaycana gəlişi müzakirə olunurdu. Məlum olduğu kimi, bu gün Türkiyə Rusiya ilə birlikdə Azərbaycanda sülhməramlı missiyası ilə iştirak etmir. Nəyə görə? Gələcəkdə bu istiqamətdə hər hansı proqramın həyata keçirilməsi nəzərdə tutulurmu?
Hafta.az bu məsələni siyasi və hərbi ekspertlərlə müzakirə edib.
Türk hərbçilərinin harada yerləşməsinə yox, qırıcıların hansı sürətə uçmasına diqqət yetirmək lazımdır
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Türkiyə hərbçilərinin sülhməramlı missiyada Azərbaycana gəlişinin Rusiya tərəfindən məhdudlaşdırıldığını deyib:
“Azərbaycan ya üçtərəfli Bəyannamənin yerinə yetirilməsini tələb etməli, ya da həmin bəyanatdan imtina etməlidir. Bunun başqa yolu yoxdur. Bəli, Türkiyə sülhməramlılarının regiona gəlişi ilə bağlı məsələ var idi. Rusiya türklərin burada sülhməramlı missiyada iştirak etməsinin qəti əleyhinə oldu. Onlar deyirdilər ki, türklər, ancaq nəzarət mərkəzində olsunlar. Ona görə də belə bir vəziyyət yarandı. Türkiyə ilə Rusiya arasında müəyyən razılaşma oldu. Təbii ki, bu siyasətdir, müəyyən dövrdə razılaşıb, sonra istənilən gücü toplayandan sonra şərtlər dəyişə bilir. Görünür, həmin dövrdəki şərtlər Türkiyənin bundan artıq addım atmasına imkan verməmişdi”.
S.Cəlaloğlu bildirir ki, bu gün Türkiyənin Azərbaycanda kifayət qədər hərbi qüvvəsi var. Onun fikrincə, Türkiyə hərbi qüvvələrinin Azərbaycandakı statusunun sülhməramlı, müşahidəçi, yaxud dost kimi olmasının heç bir fərqi yoxdur.
“Təlimlərdə iştirak edən Türkiyənin “F-16” qırıcı təyyarələri bu günə qədər Azərbaycandadır. Türkiyə hərbçilərinin məhz Xankəndi, Laçın ərazilərində olub-olması ilə bağlı mübahisələrə gəlincə, türk hərbçilərinin Azərbaycanda harada yerləşməsinə yox, o qırıcıların hansı sürətə malik olmasına diqqət yetirmək lazımdır. O qırıcılar istənilən vaxt 2 dəqiqəyə Qarabağda ola bilərlər”.
S.Cəlaloğlu sonrakı proseslərin Azərbaycanın xeyrinə və gedişatın istədiyimiz istiqamətə yönlənməsinə geniş imkan yaradacağını qeyd edib.
“Azərbaycan tərəfi Prezident İlham Əliyevin simasında bəyan edib ki, bir qarış torpağımızı güzəştə getməyəcəyik. 30 il ərzində Dağlıq Qarabağ məsələsini siyasi, diplomatik yolla deyil, hərblə həll edə bildik. Yerdə qalan torpaqlarımızın azadlığı da lazım gələrsə eyni qaydada həll olunacaq. Arzuolunandır ki, müharibə olmasın, ermənilər dinc şəraitdə Azərbaycana qarşı revanşist iddialarından imtina eləsinlər. Ermənilər əvvəlki işğalçı siyasətlərini davam etdirəcəklərsə, 44 günlük müharibədəki eyni aqibətlə üzləşəcəklər”.
Biz istəyirdik ki, Qarabağda rus hərbçiləri qədər, türk hərbçiləri də olsun
Politoloq Elxan Şahinoğlu isə hafta.az-a bildirib ki, 10 Noyabr Bəyannaməsindən sonra Rusiya öz hərbçilərini Qarabağa göndərib və həmin vaxt rus sülhməramlı hərbçilərinin sayının 1960 nəfər olacağı vurğulansa da, sonradan hərbçilərin sayı artırılıb.
“O zaman ekspertlər olaraq deyirdik ki, mütləq Türkiyə də sülhməramlı kimi bu prosesdə iştirak etməlidir. Türkiyə rəsmiləri də deyirdilər ki, Rusiyanın Qarabağda hansı statusu varsa, bizim də statusumuz elə olmalıdır. Çox təəssüflər olsun ki, bu proses arxa plana atıldı. Ağdamda yaradılan birgə Monitorinq Mərkəzinin fəaliyyəti ilə kifayətlənildi. Bu da bizim maraqlara tam cavab vermir və o Mərkəzin elə də böyük səlahiyyətləri yoxdur. Biz istəyirdik ki, Qarabağda rus hərbçiləri qədər, türk hərbçiləri də olsun”.
Bir neçə gündən sonra Türkiyə Cümhuriyyətinin başqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycana - Şuşaya səfər edəcəyini xatırladan politoloq orada verilən rəsmi açıqlamalarda bu məsələnin də yer alacağına ümid etdiyini deyib.
“Türkiyənin Şuşada, Kəlbəcərdə, Laçında hərbi hissələrinin olması və Azərbaycan hərbçiləri ilə birlikdə qulluq göstərmələri gerçəkləşməlidir. Bu, Rusiya və Ermənistana çox ciddi mesaj olardı. Azərbaycan xalqı bunu istəyir. Bir var tək qarşımızda Ermənistan ola, biri də var, qarşımızda Rusiyadır. O bizə əngəl yaradır. Demək, məsələləri Türkiyə ilə birlikdə həll etməliyik. Bu mənada, Türkiyənin bölgəyə gəlişi məsələsi aktualdır və bunu gündəmdə saxlamalıyıq. Yəqin ki, Ərdoğan Şuşada olanda bu səpkidə açıqlamaları olacaq”.
Politoloq bu istiqamətdə ortaya atılan mübahisəli məqamlara diqqət çəkərək, bir daha prosesin Azərbaycan ərazilərində cərəyan etdiyini xatırladıb.
“Ermənilərin “ruslar türkləri qoymazlar” ifadələri məntiqdən kənardır. Onların nə istəməsinin bizim üçün əhəmiyyəti olmamalıdır. Onların nəyi sevmədiyini özləri bilər. Biz istəyirik ki, Türkiyə Ordusu Qarabağda olsun və öz təhlükəsizliyimizi Türkiyəyə etibar edirik. Biz istəyəndən sonra heç bir qüvvə buna maneə yarada bilməz. Rusiya deyə bilər ki, ermənilər narazıdır. Amma biz öz ərazimizdə başqalarının nazı ilə oynamalı deyilik. Prezident özü də dedi ki, Qarabağda cəmi 30 min erməni var. İndi durub 30 min erməninin nazı ilə oynayacağıq?.. Şuşanı hərblə azad etdik, amma bizə qarşı xaincəsinə hücum təşkil oluna bilər. Bütün ərazilərimizdə Azərbaycanın idarəçiliyini qurmalı, təhlükəsizliyimizi bərpa etməliyik. Bunun üçün də orada Azərbaycan əsgərləri ilə yanaşı türk əsgərləri də olmalıdır. Son yüz ildə bir neçə dəfə Şuşaya hücumlar olub, Şuşa yandırılıb. Bu tarixi təkrarlaya bilmərik. Türkiyə ilə Azərbaycan arasında hərbi ittifaqı gücləndirməliyik. Qarabağda kimin qoşununun olması Rusiyanın həll edəcəyi məsələ deyil. Rusiya Suriyada Türkiyə ilə hərbi əməkdaşlıq edir, Ağdamın özündə birgə Monitorinq Mərkəzi yaradılıb. O zaman niyə Qarabağda Türkiyə hərbçilərinin olması toqquşma yaratsın ki? Tam əksinə, bu, təhlükəsizliyi daha da artıracaq. Vətəndaşlarımız Şuşaya, Laçına, Xankəndiyə, Xocalıya qayıtmalıdır. Onların təhlükəsizliyini təmin etməliyik. Düzdür, bu təhlükəsizliyin təminatı Azərbaycan Ordusunun üzərindədir. Orada Türkiyə Ordusu da olmalıdır ki, Rusiya özünü yığışdırsın. Məsələ həll edilməlidir. Söhbət 200 illik imperiya tarixi olan Rusiyadan gedir. Rusiya bütün münaqişələri özünün nəzarətinə alıb. Elə etməliyik ki, 5 ildən sonra Rusiya hərbçiləri Qarabağdan getsin. Azərbaycanın təhlükəsiz gələcəyi, inkişafı Türkiyə ilə hərbi ittifaqın qurulmasından keçir. Biz çox mürəkkəb bölgədə yerləşirik, qarşımızda böyük güclər var. Bunlardan qurtulmağın yolu Türkiyə ilə hərbi ittifaqın yaranmasından keçir”.
Onsuz da Türkiyə burada özünün missiyasını yerinə yetirir...
Hərbi ekspert Ramin Məmmədli isə hafta.az-a bildirib ki, noyabrın 10-da imzalanan Bəyanata əsasən Rusiya tərəflər arasında atəşkəsin təmin olunması öhdəçiliyini öz üzərinə götürüb. Bu çox vacib məqamdır.
“Türkiyənin burada oynadığı rol Azərbaycanı dəstəkləməkdir. Vasitəçilik missiyasında isə hansısa bir tərəfin dəstəklənməsi deyil, daha çox barışdırıcı mövqe ortaya qoyulur. Rusiyanın isə ermənilərə olan münasibəti mövcud vəziyyətdə vasitəçilik missiyasının hansı formatda olduğu bizə məlumdur.
Türkiyə sülhməramlı hərbi birləşməsinin bölgədə olmamasına gəlincə, bunun da məlum səbəbləri var. Məsələyə Azərbaycandan baxdıqda, təbii ki, hesab edirik ki, Türkiyənin hərbi qüvvələri Qarabağda sülhməramlı missiyası ilə olmalıdır. Buna kənardan baxdıqda burada problemlərin yarana biləcəyi bəlli olur. Türkiyənin Azərbaycanda sülhməramlı kimi iştirak etməsi ermənilər tərəfindən qəbul olunan məsələ deyil. Buna görə də Türkiyə Silahı Qüvvələrinin Qarabağda yerləşdirilməsi qəbul olunmadı. Türkiyənin iştirakı yalnız müşahidə məntəqəsi səviyyəsində həyata keçirildi”.
R.Məmmədli qeyd edir ki, onsuz da Türkiyə burada özünün missiyasını yerinə yetirir və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün lazım olan siyasi, diplomatik, hərbi addımları atır. Türkiyə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı prosesləri bu gün də icra edir.