Türkiyə Afrikadakı varlığını silah və ticarətlə gücləndirir - TƏHLIL

09:55 21.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Fransanın Afrikada təsirinin azaldığı, Rusiya və Çin kimi digər qlobal güclərin isə qitədə nüfuz uğrunda rəqabət apardığı bir vaxtda türk diplomatiyası çoxlu silahlardan istifadə edərək, resurslarla zəngin Afrika qitəsində daha əhatəli varlıq yaratmaq axtarışında qətiyyətlə irəliləyir.

Hafta.az-ın yazdığına görə, Türkiyə son zamanlarda Afrika ölkələrinə Bayraktar İHA kimi türk hərbi texnikasını tədarük edərək məhsuldar hərbi ortaqlıqlar qurmağı bacarıb. Ancaq bununla da bitmir, Ankara Afrika Buynuzu kimi bölgələrdə ciddi böhranların aradan qaldırılması üçün də vasitəçilik edir.

Bu səylər çərçivəsində bu yaxınlarda Antalya Forumu keçirilib və bir çox Afrika rəsmiləri, o cümlədən Somali prezidenti Həsən Şeyx Məhəmməd iştirak edib. Lakin Ankaranın oynamağa başladığı qabaqcıl rollara baxmayaraq, onun Fransa kimi digər gücləri əvəz edə biləcəyi bəlli deyil.

Strateji tərəfdaş

2024-cü ilin dekabrında Türkiyə Efiopiya ilə Somali arasında vasitəçilik edəcəyini açıqladı və bu addım iki ölkə arasındakı mübahisələrin həlli ilə nəticələndi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müqaviləni “tarixi” adlandırıb.

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatlarına görə, 2002-ci ildə qara qitədə 12 olan səfirliklərin sayı 2022-ci ildə 44 səfirlik və konsulluğa yüksəlib. Bu arada, Ankaradakı Afrika diplomatik nümayəndəliklərinin sayı 2008-ci ildə 10-dan 2023-cü ildə 38-ə yüksəlib.

Siyasi araşdırmaçı Taha Avdətoğlu, "Fransa kimi digər müstəmləkəçi ölkələrdən fərqli olaraq Türkiyə Afrika qitəsində strateji tərəfdaş olaraq varlığını gücləndirməyi bacarıb. Coğrafi mövqeyi və bir çox sahədə təcrübəsindən yararlanaraq uzunmüddətli əlaqələri inkişaf etdirib, Afrika isə Türkiyənin geostrateji maraqları baxımından əhəmiyyətli bir dərinliyə çevrilib" deyib.

Avdətoğlu sözlərini belə davam etdirib: "Biz də müşahidə etdik ki, Türkiyə hərbi baza qurduğu Somalidə enerji təhlükəsizliyi və neft kəşfiyyatı kimi bir çox kanallarla təsirini artırmağa çalışır. Türkiyə Afrikada nüfuzunu bərqərar etmək üçün çətin sınaqlarla üzləşib. Xüsusilə Türkiyənin beynəlxalq aləmdəki rolundan çox narahat olan digər böyük güc Fransa ilə üz-üzə gəlib. Türkiyə-Afrika əlaqələri Ankaranın xarici siyasətində mühüm yer tutacaq, xüsusən də qitədə əldə edilən uğurlar bu, siyasi və iqtisadi yaxınlaşma ilə məhdudlaşmayacaq, müdafiə sənayesi kimi həssas və əhəmiyyətli bir sahəni də əhatə edəcək”.

Əslində Türkiyə bir çox Afrika ölkəsinə hərbi texnika tədarük edib və Bayraktar PUA-ları hazırda qitə səmalarında uçur. Bu addımların Fransanın öz qüvvələrini və hərbi texnikasını qitədən çıxarmaq məcburiyyətində qalması nəticəsində dəyən ziyanı kompensasiya etmək məqsədi daşıdığı düşünülür.

İqtisadi əməkdaşlıq

Türkiyənin Afrikaya marağı yeni deyil. Ankara 2005-ci ildə Afrika İttifaqında daimi müşahidəçi statusu alıb və o vaxtdan bəri özünü çətin Afrika tənliyində yerləşdirməyə çalışır. Türkiyə prezidenti 2008-ci ildən bəri 30-a yaxın Afrika ölkəsinə səfər edib, sərmayələrin kobalt və uran kimi qiymətli minerallara ev sahibliyi edən bu sərvətlərlə zəngin ölkələrə yönəldilməsinə çağırıb.

Avdətoğlu həmçinin deyib: "Türkiyə iqtisadi əməkdaşlıq yolu ilə Afrikada əlaqələr qurub. Son illər enerji və infrastruktur sərmayələrini artıraraq geniş diplomatik rol oynayıb. Afrika ölkələrində yeni konsulluqlar açılıb, əhəmiyyətli humanitar yardımlar edilib, təhlükəsizlik və hərbi əməkdaşlıq artıb. Türkiyə ilə Afrika arasındakı ticarət həcmi 2003-cü ildə 3 milyard dollardan indi təxminən 235 milyard dollara yüksəlib".

Genişlənən təsir

Afrika məsələləri üzrə ixtisaslaşmış siyasi araşdırmaçı Məhəmməd Turşin, "Bir çox regional güclər kimi Türkiyənin Afrikadakı təsiri getdikcə genişlənməyə başlayıb. Ankara uzun illər ərzində təqaüdlər, yardımlar, yardım layihələri və vətəndaş cəmiyyətinə dəstək vasitəsilə bu təsirini yumşaq diplomatiyadan istifadə edərək qurub" deyib.

Turşin əlavə edib ki, yumşaq diplomatiya Türkiyənin Afrikadakı təsirini gücləndirməkdə müvəffəqiyyətli olub və son zamanlar Türkiyə hərbi ortaqlıqlardan istifadə edərək, Bayraktar kimi qabaqcıl silah sistemlərini Afrika ölkələrinə tədarük etməyə başlayıb.

Turşinin sözlərinə görə, "Türkiyənin strategiyası hərbi və iqtisadi ölçülərə söykənib və ümumiyyətlə yumşaq diplomatiyadan istifadə edib. Ankaranın bir çox beynəlxalq güclərdən fərqli regional istiqamətləri var və həmişə öz maraqlarını, eləcə də tərəfdaşlıq etdiyi ölkələrin maraqlarını üstün tutur".

Fransanın Burkina Faso, Niger və Mali kimi ölkələrdən çəkilməsindən istifadə etməyə çalışan Türkiyə bu ölkələrə hərbi texnika verməyi təklif edib. Bayraktar PUA-larının təhvil verildiyi Mali kimi bəzi ölkələrlə müqavilələr bağlanıb.

Məhdud güc 

Ərdoğan son dönəmində ölkəsinin Afrika ilə ticarət həcmini 75 milyard dollara çatdırmaq arzusunda olduğunu bildirib. Amma Rusiya və Çin kimi digər regional güclərin də eyni cəhdlər göstərdiyi bir vaxtda Ankaranın buna nail olub-olmayacağı bəlli deyil.

Türkiyənin Afrikada təxminən 71 hərbi attaşesi var. Onun hərbi satışları pilotsuz təyyarələr və digər avadanlıqlar da daxil olmaqla təxminən 328 milyon dollara yüksəlib.

"Türkiyənin gücü və imkanları Rusiya kimi münaqişələrdə birbaşa iştirak edən digər ölkələrlə müqayisədə məhduddur. Amma Ankaranın siyasətinin müsbət tərəfi var: müdaxilə etdikdə riskləri azaldır", - nigeriyalı politoloq Məhəmməd Aval bildirib.

Aval əlavə edib: "Türkiyənin özünü iqtisadi və ticarət sahəsi ilə məhdudlaşdırmaq qərarı özü üçün müsbət məqamdır. Bununla belə, hərbi texnikasını tanıtmaq üçün atdığı addım, artıq onun milli təhlükəsizliklərinə mənfi təsir edəcəyindən qorxan digər Afrika ölkələrinin qəzəbinə səbəb ola bilər".

O, “Türkiyə Afrikada baş verən siyasi və iqtisadi dəyişiklikləri, xüsusən Sahel bölgəsində yeni nəsil liderlərin yüksəlişini diqqətlə nəzərdən keçirməlidir”, - deyib.