Türkiyənin təbii qaz idxalı fevral ayında keçən ilin eyni ayına görə yüzdə 11,2 azalaraq 5 milyard 337 milyon 32 min kubmetrə düşüb. Ən çox idxal Rusiyadan olub.
Hafta.az-ın yazdığına görə, Enerji Bazarını Tənzimləmə Qurumunun fevral ayı “Təbii Qaz Bazarı Sektoru Hesabatı”na əsasən, idxalın 3 milyard 675 milyon 80 min kubmetri boru kəmərləri, 1 milyard 661 milyon 52 min kubmetri isə mayeləşdirilmiş təbii qaz (LNG) vasitəsilə həyata keçirilib.
Belə ki, bu dövrdə ümumi təbii qaz idxalı 11,2 faiz azalaraq 5 milyard 337 milyon 32 min kubmetrə enib.
Fevral ayında ən çox təbii qaz idxalı 2 milyard 658 milyon 23 min kubmetrlə Rusiyadan olarkən, bu ölkəni 775 milyon 76 kubmetrlə Azərbaycan və 241 milyon 81 kubmetrlə İran izləyib.
Bu dövrdə ABŞ-dan 813 milyon 16 min kubmetr LNG idxal edilib.
Türkiyədə təbii qaz ehtiyatının miqdarı fevralda keçən ilin eyni ayına görə yüzdə 11,53 artaraq 5 milyard 363 milyon kubmetrə çatıb. Təbii qaz ehtiyatının 4 milyard 955 milyon kubmetri yeraltı anbarlarda, 408 milyon kubmetri isə LNG terminallarındadır.
Ölkədə ümumi təbii qaz istehlakı fevralda illik bazda yüzdə 4,45 artaraq təxminən 6 milyard 372 milyon 24 min kubmetrə çatıb.
Sənaye sektorunun təbii qaz istehlakı yüzdə 27,35 artımla 1 milyard 158 milyon 87 min kubmetr olaraq qeyd edilib. Elektrik stansiyalarında təbii qaz istehlakı 55,10 faiz azalaraq 520 milyon 83 min kubmetr olub.
Bu dövrdə yaşayış evlərində təbii qaz istehlakı 20,9 faiz artaraq 3 milyard 602 milyon kubmetrə çatıb.